Polis rəisinin işdən çıxarılmasının səbəbləri açıqlandı

Polis rəisinin işdən çıxarılmasının səbəbləri açıqlandı
  23 Dekabr 2017    Oxunub:1613
Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir:

“Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir. Birmənalı olaraq bildirirəm ki, polis polkovniki Təhmasib İbrahimov daxili işlər orqanlarında uzunmüddətli xidməti dövründə həmişə özünü yüksək erudisiyalı, savadlı, peşəkar bir polis zabiti kimi göstərib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsində Təhmasib İbrahimov öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaran rəhbər polis zabitlərimizdən biri olub.

Elə bu müsbət keyfiyyətlərini və peşəkarlığını nəzərə alan DİN rəhbərliyi təqaüd yaşına çatdıqdan sonra onu əlavə 5 il xidmətdə saxlayıb. Lakin bu yaxınlarda - dekabr ayında Təhmasib İbrahimov Daxili İşlər Orqanlarında xidmətdə olmanın son yaş həddinə çatdığı üçün cənab nazirin müvafiq əmri əsasında DİN-nin fəxri fərmanı ilə təltif edilərək, təqaüdə göndərilib. Hazırda nazirliyinin ən hörmətli və nüfuzlu təqaüdçülərindən biri olan Təhmasib İbrahimovun xidmət yolu gənc polis zabitlərinin hər biri üçün örnəkdir”.

AzVision.az


Teqlər: DİN   Salyan   Polis   Rəis  





Xəbər lenti