Əlil və şəhid ailələrinə 81 yeni ev verilib

Əlil və şəhid ailələrinə 81 yeni ev verilib
  22 Dekabr 2017    Oxunub:1459
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görür.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzil Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verilib. Yeni mənzil alanlardan 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət başçısının sosial inkişaf kursunun əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni fərdi yaşayış evləri inşa etdirərək və hazır yaşayış binalarından mənzillər alıb təmir etdirməklə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verir. Təkcə bu ay nazirlik həmin təbəqəyə məxsus 100 nəfəri mənzillə təmin edib. Ümumilikdə, 2014-2017-ci illərdə 1350 Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi mənzillə təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.

Tədbirdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin, ölkəmizin müdafiəsi naminə döyüşlərdə şəhid olmuş Vətən övladlarının ailələrinin, həmin döyüşlərdə əlil olanların diqqət və qayğı ilə əhatə olunmasının, o cümlədən yeni mənzillər verilməsinin cəmiyyətdə rəğbətlə qarşılandığını vurğulayıblar.

Yeni mənzil alan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində həyatlarına rahatlıq gətirən mənzillərin ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olanlara və həmin döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək dövlət qayğısının ifadəsi olduğunu söyləyiblər.

AzVision.az


Teqlər: şəhid   əlil   ƏƏSMN  





Xəbər lenti