“Qarabağ məsələsində Azərbaycanın yanındayıq” - İtalyan senator
İtalyan senator rəhbərlik etdiyi assosiasiyanın üzvlərinin iki ölkə arasında dostluğun gücləndirilməsi və Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi BMT-nin müvafiq qətnamələrinə hörmət etməyən Ermənistanın hərbi qüvvələrinin işğalı altındadır. Biz öz torpaqlarının işğaldan azad olunması məsələsində Azərbaycanın yanındayıq”, - deyə italyan senator vurğulayıb. “Ekspo-2025” üçün Bakının öz namizədliyini irəli sürdüyünü də bildirən senator S.Divina İtaliyanın bu namizədliyi dəstəkləyəcəyinə ümidvar olduğunu deyib.
Sonra çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edən 2017-ci il ərzində ikitərəfli əməkdaşlığın inkişafında dinamikanın müşahidə olunduğunu, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirildiyini, yüksək səviyyəli siyasi dialoqun davam etdirildiyini, İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın əsas enerji təchizatçılarından biri olaraq qaldığını, iqtisadi əlaqələrin daha da genişləndiyini, mədəniyyət, elm, təhsil sahələrində mübadilələrin də artdığını vurğulayıb.
Cari il ərzində İtaliyada təşkil olunmuş çoxsaylı tədbirlər barədə də məlumat verən səfir M.Əhmədzadə həmin tədbirlərin ikitərəfli əməkdaşlıqda əldə olunmuş nailiyyətlər və gələcək perspektivlərin təhlili ilə yanaşı, ölkəmizin həqiqətlərinin daha geniş şəkildə yayılması və xalqlararası təmasların gücləndirilməsi nöqteyi-nəzərdən də faydalı olduğunu deyib. M.Əhmədzadə Azərbaycan-İtaliya əlaqələrinə, habelə ölkəmizin haqq səsinə və təşəbbüslərinə verdiyi dəstəyə görə assosiasiyanın üzvlərinə təşəkkür edib, qarşıdan gələn Milad və Yeni il bayramları münasibətilə onlara təbriklərini çatdırıb. Tədbir mədəni proqramla davam edib.
AzVision.az
Teqlər: Dağlıq-Qarabağ İtaliya