Prezident Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

Prezident Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib
  21 Dekabr 2017    Oxunub:1663
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.

Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırladı. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirdi.

Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd etdi.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulandı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Nazir   Qəbul  





Xəbər lenti