İsa Qəmbər Müsavatı parçalayır - Partiyada istefalar başladı

İsa Qəmbər Müsavatı parçalayır - Partiyada istefalar başladı
  16 Dekabr 2017    Oxunub:17793
Müsavat partiyasını növbəti istefa dalğası bürüyüb. Budəfəki istefaların özəlliyi sonuncu qurultaydan sonra formalaşan partiya rəhbərliyini əhatə etməsidir. Bu yaxınlarda istefa xəbəri yayılan Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah məhz Arif Hacılının qurultay sonrası formalaşdırdığı rəhbər komandada təmsil olunurdu. Onun istefa səbəbi olduqca maraqlıdır.
E.Fəttah partiyanın idarəçiliyində yaranan fikir ayrılığını səbəb gətirərək istefa verib. Onun istefası gələn il baş tutacaq prezident seçkiləri öncəsi partiyadakı parçalanmaların getdikcə dərinləşəcəyini göstərir.

Başqan müavinin istefası həm də onu deməyə əsas verir ki, artıq Arif Hacılı partiyanı idaredilməz hala gətirib və öz komandası ona qarşıdır. Təkcə Elman Fəttah yox, digər müavinləri də Arif Hacılının yatırmaz siyasətindən narazıdır.


E.Fəttahın istefasına münasibət bildirən digər müavin Tofiq Yaqublu onun haqlı olduğunu bildirib: "Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".

Mənzərə belədir: Müsavatda rəhbərlik səviyyəsində ciddi fikir ayrılığı və partiyada ikitirəlik hökm sürür. Bu da sirr deyil ki, E.Fəttah Arif Hacılını tərk edən sonuncu müavin olmayacaq. Onun istefası yeni parçalanmanın əsasını təşkil edir.

Müsavat başqanlığına keçmiş namizəd, Ağ Partiyanın sədri Tural Abbaslı AzVision.az-a bildirib ki, istefa verdiyi partiyada siyasi-məişət məsələləri zəminində qarşıdurma yaşanır.

“Bu istefa gözlənilən idi. Qurultaydan sonra Arif Hacılının formalaşdırdığı rəhbərlik, idarəetmə fəlsəfəsi partiyanı bu hala gətirməli idi. Hətta, bundan da ağır olacağı proqnozlaşdırılır. Çünki, rəhbərlikdə təmsil olunanların əksəriyyətinin idarəçilik təcrübəsi yoxdur. Partiyanı tanımırlar. Bu günə qədər əksəriyyət partiya rəhbərliyində təmsil olunmayıblar. Bu vəzifəyə birdən-birə gətiriliblər”.


T.Abbaslı hesab edir ki, Arif Hacılının müavin təyin etdiyi şəxslər təsadüfi vəzifəyə gələnlərdir: “Onların heç birinin arasında siyasi münasibətlər zəminində fikir birliyi, ortaq mövqe olmayıb. Birdən-birə oturdulublar ora, partiyanı idarə etməyə çalışırlar. Amma, bu adamların düşüncə tərzi eyni deyil. Arif Hacılı ilə Divanda təmsil olunan insanlar dünənə qədər əks mövqedə idilər. Qurultayda bəziləri məcburiyyətdən Arif Hacılını dəstəklədilər. Hacılı da mükafat kimi onları rəhbərliyə gətirdi.

Təcrübəsizlik, partiyanı tanımamaq, siyasi situasiyanı dəyərləndirə bilməmək ucbatından bu şəxslər indi partiyanı belə hala salıblar. Bundan daha ağır vəziyyətin olacağına əminəm. Sadəcə, partiyanın sıravi üzvlərinə ürəyim ağrayır. Onlar illərini partiyaya həsr ediblər. Ancaq, rəhbərliyin səriştəsizliyi ucbatından partiya bərbad hala düşüb. Rəhbərlikdə təmsil olunanların 90 faizinin alt qurumlarda, rayon təşkilatlarında heç bir nüfuzu yoxdur. Onlar qəbul olunmurlar. Bu da partiyanı zəiflədir. Acınacaqlı günlər hələ qabaqdadır”.


Müsavat kluarlarıda isə partiyada yaranan qarşıdurmanın səbəbi 2018-ci il prezident seçkiləri ilə izah olunur. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, partiyadakı qarşıdurma İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin noyabrın 21-də keçirilən tədbirindən sonra baş qaldırıb. Belə ki, həmin tədbirdə İsa Qəmbər seçkidə Müsavatın namizədi olacağını elan edib. Bu qərar bəzi müsavatçıların ürəyincə olmayıb. Yenilik axtarışına çıxan müxaliflər İsa Qəmbərin dəfələrlə namizəd olub, seçkidə uduzduğunu əsas gətirərək bu qərara qarşı çıxıblar. Onlardan biri də istefa verən başqan müavini Elman Fəttah olub.

Məlumata görə, E.Fəttah İsa Qəmbərin seçkiyə qatılacağı təqdirdə məğlub olacağını irad tutaraq, gənc namizədlərə üstünlük verilməsini təklif edib. Onun təklifi Hacılı qruplaşması tərəfindən bəyənilməyib. Nəticədə partiya rəhbərliyində İsa Qəmbər tərəfdarları ilə Fəttah və onun mövqeyini dəstəkləyənlər arasında mühabisələr qızışıb.

Müsavatdakı digər cinah isə hesab edir ki, partiya vahid müxalifət birliyinə qoşulmaqda seçkiyə qatılmalıdır. Əsas gətirilib ki, qurultaydan sonra parçalanmış Müsavatın seçkidə İsa Qəmbərin namizədliyini irəli sürməsi növbəti biabırçı məğlubiyyətə gətirib çıxaracaq. Bu səbəbdən E.Fəttah İsa Qəmbərin namizədliyinə qarşı çıxıb. O, mövqeyini belə əsaslandırıb ki, İ. Qəmbər artıq Musavat partiyasının başqanı deyil. Ona görə də faktiki ictimai birlik sədri statusunda olan şəxs seçkidə Müsavatın namizədi ola bilməz.


Arif Hacılının yarıtmaz siyasətinə qarşı çıxan başqan müavinlərindən biri Tofiq Yaqubludur. AXCP sədri Əli Kərimliyə yaxınlığa isə diqqət çəkən T.Yaqublunun da yaxın günlərdə vəzifəsindən istefa verməsi gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Müsavat   İsa-Qəmbər  





Xəbər lenti