Qüds məsələsi Azərbaycan-İsrail münasibətlərini poza bilməz

Qüds məsələsi Azərbaycan-İsrail münasibətlərini poza bilməz
  14 Dekabr 2017    Oxunub:7687
Ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısını keçirilib. Müsəlman liderlərin iştirak etdiyi toplantıda Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə toplantısında çıxış edərək bu məsələdə ölkəmizin mövqeyini açıqlayıb.
Ölkə başçısı Fələstin-İsrail münaqişəsinin ədalətli, sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb.

Prezident vurğulayıb: “Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”



Prezidentin qeyd etdiyi kimi Azərbaycan bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Şübhəsiz ki, bu məsələdən istifadə etməyə çalışan müxtəlif qüvvələr həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail münasibətlərinə “kölgə” salmağa cəhd edirlər.

Azərbaycanın siyasi ekspertləri hesab edirlər ki, bu məsələdə ölkə rəhbərliyinin tutduğu mövqe həm islam həmrəyliyi, həm də beynəlxalq hüquq normaları baxımdan ideal və balanslıdır. Azərbaycanın ABŞ və İsraillə əlaqələri yüksək səviyyədədir, xarici təsirlər ölkələrimzi arasında əlaqələri poza bilməz.



Politoloq, millət vəkili Rasim Musabəyov AzVision.az-a bildirib ki, Qüds məsələsində Azərbaycanın mövqeyi prinsipialdır:

“Biz bu mövqeyi İstanbulda bilavasitə səsləndirdik. Azərbaycan qəbul olunan qətnaməyə dəstək verdi. ABŞ prezidenti Donald Trampın qərarı qəbulolunmaz hesab edildi. Amma, Azərbaycan İsraillə nə diplomatik əlaqələri kəsəcək, nə də ABŞ-la çəkişməyə qoşulacaq. Bu ölkələrlə münasibətlərimiz normaldır və gələcəkdə də inkişaf edəcək”.

R.Musabəyov vurğulayıb ki, Qüds məsələsi İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək: “İsrail nə edib ki? İsrail xeyli əvvəl hökumətini və parlamenti Qüdsdə yerləşdirib. Qüdsü isə öz paytaxtı kimi çoxdan elan edib. İndi dəyişilən odur ki, ABŞ bu qərara qoşulub. Buna görə İsraillə münasibətləri pisləşdirməyə əsas yoxdur. Düşünmürəm ki, bu məsələ Azərbaycan-İsrail münasibətlərinə təsir göstərsin. Azərbaycanın İsraillə münasibətləri inkişaf edir”.



Millət vəkili Asim Mollazadə isə AzVision.az-a açıqlamasında Azərbaycanın belə məsələlərə yanaşmasının hər zaman beynəlxalq hüquq normalarına uyğun olduğunu deyib:

“Azərbaycanın qərarı birmənalı olaraq BMT-nin təməl sənədlərinə əsaslanır. Azərbaycan bu cür məsələlərdə münaqişələrin həllində maraqlıdır. Azərbayca özü də BMT qərarlarına hörmətsizliyin qurbanıdır”.

A.Mollazadə hesab edir ki, Azərbaycanın bütün qərarları beynəlxalq hüquq normalarına əsaslandığına görə, Qüds məsələsi heç vaxt Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək: “Azərbaycanın mövqeyi təmkinlidir və beynəlxalq hüquq normalarına əsaslanır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   İsrail   Qüds  





Xəbər lenti