“ABAD” Aİ və BMT ilə əməkdaşlıq müqaviləsi imzaladı - FOTOLAR

“ABAD” Aİ və BMT ilə əməkdaşlıq müqaviləsi imzaladı - FOTOLAR
  13 Dekabr 2017    Oxunub:3005
Bu gün Azərbaycanın Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihənin başlanması məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzində Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Aİ nümayəndəliyinin və “ASAN xidmət” rəhbərliyinin təmsilçiləri iştirak ediblər.



"ASAN xidmət" in rəhbəri İnam Kərimov bildirib ki, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ABAD” publik hüquqi şəxsi ilə sıx əməkdaşlığı nəzərdə tutur. Yeni iş birliyi Balakəndə regional “ABAD Mərkəz”ə geniş dəstək verməklə bölgələrdə yeni imkanların yaradılmasına töhfə verəcək, ölkədə müasir və dayanaqlı ailə biznes modellərinin formalaşmasına və inkişafına xidmət edəcək.

2020-ci ildə başa çatacaq layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs tərəfindən maliyyələşdirilir.



Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "ABAD"ı "ASAN"ın kiçik qardaşı adlandırıb.

O bildirib ki, "ABAD"ın təcrübəsini öyrənməliyik və Avropa İttifaqının bir sıra layihələrində bu təcrübədən yararlanmalıyıq.

"Biz "ABAD" və "ASAN"a inanırıq. Ümid edirəm ki, biz birgə regionlarda insanların ümidini doğruldacayıq".



BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, "ABAD"ın bu layihəsinin əsas məqsədi istehlakçıları istehsalçı ilə əlaqələndirməkdir.

"Biz ümid edirik ki, "ABAD" bu əlaqələrin qurulmasında əsas platforma olacaq" -deyə Q.İshaqzai vurğulayıb.



Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ABAD   ASAN   İnam-Kərimov  





Xəbər lenti