Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov
Ekspertin fikrincə, aprel döyüşlərindən sonra Ermənistanın Müdafiə Nazirliyində baş verən dəyişikliklər hələ də davam edir: “Ermənistanın dövlət rəhbəri başda olmaqla ictimaiyyətə vəd vermişdilər ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqları geri qaytaracaqlar. Görünən odur ki, aprel döyüşlərindəki məğlubiyyətlərini həzm edə bilmirlər. Bu baxımdan Ermənistan Müdafiə Nazirliyində müəyyən dəyişikliklər getdi. Bundan sonra diversiya hücumlarına cəhd etdilər və bunların hər birinin qarşısı alındı. Bu addımlar yenə də onların itkiləri ilə başa çatdı. Ermənistan rəhbərliyinin verdiyi vədi yerinə yetirə bilməməsi ictimaiyyət arasında onların nüfuzunu heçə endirib. Təbii ki, bu məsələlər ictimaiyyəti narahat edir”.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistanda keçirilən son təlimlərin uğursuz olması da, bu dəyişikliklərə təsir edib: “İşğalçı ordu tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Son təlimləri Ermənistan prezidenti Serj Sarkisyan da izləyib. Hərbi analitiklərin bu təlimlərə olan münasibətindən görünür ki, təlimlər zəif olub. Təlimlərdə çoxlu sualların ortaya çıxması bizim tərəfdən də müşahidə olundu. Rəhbərliyin istədiyi nəticələri görməməsi, təlimlərin zəif olması, bu dəyişikliklərə təsir edib. Dəyişikliklərlə cəmiyyətin fikrini yayındırırlar. Guya hansısa tədbirlər görülür. Ümumilikdə isə aprel döyüşlərindən sonra işğalçı qüvvələrdə və rəhbərlikdə inamsızlıq hökm sürür”.
Anar Kəlbiyev
AzVision.az