Prezident təməlqoyma mərasimində - Fotolar
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrdən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.
Qeyd edilən mövcud yolların yaşayış məntəqələrindən keçməsi sürət həddinin aşağı, vaxt sərfiyyatının çox olmasına səbəb olur. Yaşayış məntəqələrindən keçmədən, mövcud yollara alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi daşıyır. Belə ki, yüksək standartlara və normativlərə uyğun olan avtomobil yollarında maksimal sürət həddi olacaq, bu yollarda nəqliyyat vasitələri daha rahat və təhlükəsiz hərəkət edə biləcək.
Sonra dövlətimizin başçısı yeni yolun təməlini qoydu.
AzVision.az
Teqlər: yol İlham-Əliyev