“CountrySTAT” platformasının rəsmi açılışı olub
Ərzaq və kənd təsərrüfatı üzrə veb əsaslı informasiya sistemi olan “CountrySTAT” qərarverən şəxslərə və qurumlara daha yaxşı, faktlara əsaslanan siyasət sənədlərinin tərtib olunması və inkişaf siyasətinin daha yüksək səmərəliliklə həyata keçirilməsi işində kömək edəcək yüksək keyfiyyətli statistik məlumatlara çıxış təmin edir. Milli səviyyədə saxlanılan və idarə olunan bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək müxtəlif mənbələrdən etibarlı rəsmi məlumatların vaxtında toplanmasına və uyğunlaşdırılmasına, həmçinin onların vahid məkana inteqrasiyasına imkan verir. “CountrySTAT” platforması tədqiqatçılara, siyasət tərtibatçılarına, inkişaf təşkilatlarına və özəl sektora kənd təsərrüfatı sahəsində daha yaxşı siyasətlər işləyib hazırlamağa və icra etməyə, həmçinin, investisiyalar qoymağa imkan verir.
FAO, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən hər il dərc olunan “Dünyada Ərzaq Çatışmazlığı Təhlükəsinin Vəziyyəti” üzrə sonuncu hesabatda (SOFİ 2014) təsdiq olunur ki, dünyada aclıqdan əziyyət çəkən insanların sayı son onillikdə 100 milyon nəfərdən çox, 1990-92-ci illərdən bəri isə 209 milyon nəfərdən çox azalmışdır.
Bununla yanaşı, qeyri-kafi qidalanan insanların sayının “qəbuledilməz dərəcədə yüksək” qaldığını nəzərə alaraq, qurumların rəhbərləri aclıqla mübarizə üzrə siyasi öhdəliklərin yenilənməsinin və onların konkret tədbirlərə çevrilməsinin zəruriliyini vurğulamışdır.
“CountrySTAT” sisteminə dair qabaqcıl təcrübələrə sahiblənmə və dayanıqlılıq, ərzaq və kənd təsərrüfatı statisikasına dair milli “bir pəncərə” tipli mərkəz vasitəsilə məlumatların əlçatanlığının artırılması və onlara çıxış imkanlarının yaxşılaşdırılması daxildir.
Sistem, həmçinin, ərzaq təhlükəsizliyinə və müvafiq qərarların faktlar əsasında qəbuluna dəstək göstərmək məqsədilə, miqyası tənzimlənən yeni informasiya texnologiyalarının daha yaxşı inteqrasiyasına yönəlməklə, kənd yerlərinə və kənd təsərrüfatına dair statistik informasiya sisteminin dayanıqlı inkişafının gücləndirilməsi məqsədini daşıyır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: BMT Azərbaycan