GDU-da müəllimlərin maaşı 300 manatadək artırılacaq
2017-2018-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə görə Gəncə Dövlət Universiteti respublika üzrə ali təhsil müəssisələri arasında 95 faiz nəticə göstərib və 3-cü yerə yüksəlib. Bu GDU üzrə son 10 ildə ən yüksək qəbul göstəricisi olmaqla yanaşı, həm də təhsil müəssisəsindəki plan yerlərinin tam dolmasına və qarşıya qoyulan məqsədlərə daha tez çatmasına şərait yaradıb.
Bildirilib ki, 2017-ci il də universitet əməkdaşlarının aylıq əmək haqlarında 2 mərhələ üzrə artım olacaq. Birinci mərhələdə universitetin professor-müəllim heyətinin, eləcə də prorektor, dekan, kafedra müdirləri və şöbə rəhbərlərinin vəzifə maaşları və vəzifə maaşlarına əlavələr artırılacaq. İkinci mərhələdə isə tədris-koməkçi heyətin və digər əməkdaşların maaşlarına artım tətbiq ediləcək.
Diferensial qaydada hesablanan əmək haqlarında müəllim, baş müəllim, dosent, fəlsəfə doktoru və elmlər doktorlarının aylıq vəzifə maaşları və vəzifə maaşlarına əlavələrdə ümumi olaraq 50-300 manat artım olacaq.
Hazırda universitet üzrə orta aylıq əmək haqqı 396 manat təşkil edir. Artım üzrə yeniliyin tətbiqi ilə universitet büdcəsinin 60 faizi aylıq əmək haqqı fonduna yönəldiləcək. Həmçinin əmək haqqının yeni artımından sonra universitetdə işləyən elmlər doktoru-professorların aylıq maaşı 1200 manat təşkil edəcək.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli müvafiq qərarına əsasən dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir.
AzVision.az
Teqlər: Gəncə