Bu gündən kitab yarmarkası başlayır

Bu gündən kitab yarmarkası başlayır
  23 Sentyabr 2013    Oxunub:1352
Sentyabrın 23-dən 25-dək paytaxtımız növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

AzVision.az xəbər verir ki, ilk dəfə olaraq açıq havada - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının arasındakı ərazidə (Rəşid Behbudov küçəsindən Bülbül prospektinə qədər) gerçəkləşəcək beynəlxalq kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Sərgi-yarmarkaya 100-dən çox yerli və 23 ölkədən 40-dan çox xarici nəşriyyat və kitab sənəti ilə bağlı təşkilat qatılacaq.

Ölkəmiz 2006-cı ildən müntəzəm olaraq beynəlxalq kitab sərgilərində təmsil olunur. Azərbaycan kitabları Moskva (Rusiya), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), İsgəndəriyyə (Misir), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa), Budapeşt (Macarıstan), Praqa (Çexiya), Kiyev (Ukrayna) və sair şəhərlərdə beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş etdirilərək ziyarətçilərin böyük marağına səbəb olur, yüksək keyfiyyətli poliqrafiya nümunələrimiz müsabiqələrdə uğur qazanır. Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan kitabı 40-dan çox beynəlxalq sərgidə təmsil olunub.

2009-cu ildən etibarən ölkəmizin paytaxtı da beynəlxalq sərgi-yarmarkalar keçirilən dünya şəhərlərinin sırasına daxil olub. I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 20 ölkədən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdi. 2011-ci ildə baş tutan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 20-dən çox xarici ölkədən 35, respublikamızdan 100-dən çox təşkilat qatılmışdı.
Builki sərgi-yarmarka həm iştirakçı sayına, həm də zəngin proqramına görə seçilir. Yarmarka 1000 kv. metrdən çox ərazini əhatə etməklə 130 ekspozisiya köşkündən ibarət olacaq. Respublikanın 500-dən çox tanınmış insanı - dövlət adamları, millət vəkilləri, yazıçı və şairlər, alimlər kitab bayramına dəvət olunub.

Sərgi günlərində Azərbaycan Milli Kitabxanasının 90 illiyi də qeyd olunacaq. Eyni zamanda iki beynəlxalq tədbir - Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edir. Dünyanın 50-yə yaxın ölkəsindən bu tədbirlərə qatılan nümayəndələr sərgidə iştirak edəcək.
Sərginin proqramında aparıcı mövzu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlıdır. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin nəfis tərtibatlı böyük bir nəşrinin - "Heydər Əliyev adına" foto-albomunun təqdimatı nəzərdə tutulub.

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının xüsusi saytı (www.bakubookfair.com) da istifadəyə verilmişdir. İstifadəçilər bu sayt vasitəsilə təkcə sərgi barədə deyil, ümumiyyətlə Azərbaycanda nəşriyyat işinin uğurları, nəşriyyatlar, yeni buraxılan kitablar, kitab təqdimatları və s. haqqında ətraflı məlumat ala bilərlər.


Teqlər:





Xəbər lenti