Məmmədyarov-Zərif görüşünün təfərrüatı - Yenilənib (FOTO)
Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırıblar və üçtərəfli əməkdaşlığın yeni formatlarının yaradılmasına dair fikir mübadiləsi aparıblar.
Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar məsələlərə toxunublar və bu layihənin Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən və regionlar boyunca əməkdaşlığı və çiçəklənməni təşviq edəcəyinə əminlik ifadə ediblər.
Nazirlər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə ediblər və Azərbaycanın və İranın digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizini dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək əzmini ifadə ediblər.
Görüş əsnasında “Asiyanın Qəlbi-İstanbul Prosesi”nin Əfqanıstan, ümumilikdə isə bütün region və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və tərəqqinin təşviqi istiqamətində iştirakçı və dəstəkləyən tərəflərin səylərini birləşdirdiyi unikal platforma olduğu vurğulanıb və bu xüsusda VII Bakı nazirlər toplantısının əhəmiyyəti qeyd olunub.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Məmmədyarov Zərif