“Azərbaycanlı kişi maşın almaq üçün böyrəyini satıb” - (MÜSAHİBƏ)

“Azərbaycanlı kişi maşın almaq üçün böyrəyini satıb” - (MÜSAHİBƏ)
  27 Noyabr 2017    Oxunub:13707
Azərbaycanda son illər insan alverinə qarşı ciddi mübarizə aparılır. Dövlət səviyyəsində görülən maarifləndirici işlərə baxmayaraq, hələ də insan alverinin qurbanına çevrilən şəxslər mövcuddur. Onların arasında qadınlar və kişilərlə yanaşı, azyaşlılar da var. Kimi pula görə, kimi də bilmədən qurbana çevrilir.
İnsan alveri qurbanları və potensial qurbanlar kimlərdir? Onlar bu yola necə düşürlər?

AzVision.az-ın bu və ya digər suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova cavablandırıb.

-Sizə müraciət edən şəxslərə hansı yardımlar edilir?

- Bizim fəaliyyətimiz insan alveri qurbanları olmuş şəxslərin sosial reabilitasiyası, onların insan alveri qurbanı olandan sonra məşğulluğunun təmin edilməsi, peşə kurslarına yönəlməsidir. İnsan alveri qurbanı olmuş şəxsin səhhətində hər hansı problem yaranıbsa, müraciət əsasında onlara da yardım edilir, səhiyyə ocaqlarına yönləndirilir.

İnsan alveri qurbanı ilə potensial insan alveri qurbanı arasında fərq var. İnsan alveri qurbanı olan şəxslər dövlət tərəfindən tanınmış, status almış şəxslərdir və onlara birdəfəlik 400 manat müavinət verilir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən bizə siyahı yönəldilir. Siyahıya əsasən həmin insanlarla görüşüb və onlara lazım olan yardımları, xidmətləri göstəririk. Xidmət pulsuzdur və dövlət tərəfindən təmin olunur.



Mərkəzimizin sığınacağı yoxdur, biz sadəcə yardım mərkəziyik, qaynar xəttimiz mövcuddur. Sığınacaq təkcə Daxili İşlər Nazirliyinin nəzdindədir. Onlar proses müddətində sığınacaqda qalırlar, yəni ölkəyə daxil olurlar, insan alveri qurbanı olduqları barədə məlumat verirlər. Oradakı fərdi iş planı bitəndən sonra bizə müraciət edirlər. Bizə müraciət etdikdən sonra biz təkcə onların özləri ilə deyil, ailələri ilə də görüşürük. Bəzən barışıqlar əldə edilir. Əgər həmin şəxs evlidirsə, hüquqi cəhətdən həyat yoldaşından alimentin alınması və ya uşaqların məktəbə, bağçaya yönəldilməsi üçün yardımlar edilir. İnsan alveri qurbanlarının bəziləri məktəbi bitirməyən, 5-ci, 9-cu sinifdən məktəbə getməyən, erkən nikaha sövq edilən insanlar olduqları üçün onlara Təhsil Nazirliyinin xətti ilə yardım göstəririk. Psixoloji durumların bərpa olunması üçün bəzi addımlar atılır. Burada görülən bütün işlər konfidensial saxlanılır və cəmiyyət tərəfindən heç biri bilinmir. Qeydiyyatda olduqları yer üzrə məşğulluq idarələrinə onların ərizələrini göndəririk və işə düzəlmək istədiklərini bildiririk, sahələrinə uyğun işlə təmin olunurlar.

Potensial insan alveri qurbanları risk qrupunda olan insanlar sayılır. Potensial insan alveri qurbanları hər kəsin başa düşdüyü qadın və uşaqlar olmur, onların sıralarında kişilər də var. Sosial cəhətdən həssas əhali arasında olan, sosial təhlükəli vəziyyətdə olan uşaqlar, internat evindən 18 yaşından sonra çıxan uşaqlar artıq potensial insan alveri qurbanlarıdır. Valideyn himayəsindən məhrum olan şəxslər, pentensiar müəssisələrdən çıxan şəxslər - qadın, uşaq, kişi də sayıla bilər, sosial müdafiəyə ehtiyac olan bütün risk qrupundakı insanları biz potensial insan alveri qurbanı kimi mərkəzdə qəbul edirik. Potensial insan alveri qurbanları sırasına ailədaxili zorakılıqdan əziyyət çəkən şəxsləri də aid etmək olar. Bu, uşaq da ola bilər.

Məsələn, uşaq evdən qaçır, daha sonra insan alverçisinin əlinə düşə bilər. Həmçinin erkən nikaha ailəsi tərəfindən sövq edilən, daha sonra həmin ailədə normal mühitdə yaşamayan və evdən qaçan qızlar da insan alverçilərinin əlinə düşə bilərlər və düşürlər də. Onlar potensial insan alveri qurbanlarıdır.



2017-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 81 nəfər müraciət edib. Zərərçəkmişlərdən 58 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən istiqamətləndirilib, 23 nəfəri isə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş potensial qurbanlardır.

İnsan alveri qurbanlarına göstərilən yardımlar nəticəsində 11 nəfər məşğulluğun təmin edilməsi ilə bağlı, 4 nəfər isə peşə kurslarına cəlb olunmaq üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Bundan əlavə 18 nəfərə tibbi yardım, 32 nəfərə psixoloji yardım, 25 nəfərə hüquqi yardım göstərilib. Qurbanların reabilitasiya və reinteqrasiyası üçün 12 nəfər insan alveri qurbanı Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinə yerləşdirilib.

Potensial insan alveri qurbanlarından məşğulluğun təmin edilməsi ilə bağlı 5 nəfər, peşə kurslarına cəlb olunma ilə bağlı 2 nəfər Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Potensial insan alveri qurbanlarından 16 nəfərə tibbi yardım, 1 nəfərə psixoloji yardım, 18 nəfərə isə hüquqi yardım göstərilib.

-Həmin şəxslər necə olur ki, insan alveri qurbanına çevrilirlər?

- İnsan alveri qurbanına çevrilməyin müxtəlif yolları var. Məsələn, təhsil. Ola bilsin ki, həmin şəxsə kimsə deyir ki, xarici ölkədə yaxşı təhsil ala bilərsən. Onları bu yolla ölkədən çıxarıb, istismar edə bilərlər. Erkən nikah və ya nikah adı ilə ölkədən çıxarılanlar da olub. Məsələn, başqa ölkədə onu gözlədiyini, orada evlənmək istədiyini deyib, qızı ölkədən çıxarır və orada cinsi əmək istismarına, orqan transplantasiyasına sövq edə bilərlər. Digər bir fakt turizmlə bağlıdır. Başqa ölkəyə gedib, sənədlərini başqa şəxsə verən insan sonra orada kölə olur. İnsan alveri müasir dövrün köləliyidir. İnsan alveri qurbanları surroqat analığa, dilənçiliyə sövq edilən, əmək istismarı, cinsi istismara məruz qalanlar, insan oğurluğudur.

Potensial insan alveri qurbanları bütün risk qrupunda olan insanlardır. Bu, ahıl şəxs ola bilər ki, onu məcburi diləndirillər. Həmçinin, əlil də ola bilər ki, dilənçiliyə və ya orqan transplantasiyasına sövq edilsin.



-Azərbaycanda daha çox hansı hallar qeydə alınıb?

- Azərbaycanda hələ surroqat analıq və orqan transplantasiyası insan alveri qurbanları ilə bağlı heç bir statistik məlumat yoxdur. Elə problem olmayıb. Azərbaycandakı insan alveri qurbanları cinsi istismar və əmək istismarına məruz qalanlardır.

-Erkən nikahlara məcbur edilən qızlar və ya 18 yaşı tamam olandan sonra uşaq evlərindən çıxan şəxslər arasından potensial insan alveri qurbanlarına və ya insan alveri qurbanlarına çevrilənlər varmı? Belə hallarla rastlaşmısınız?

- Uşaq evlərindən çıxan uşaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Məzun evi” var. Ora tam valideyn himayəsindən məhrum olan uşaq evindən çıxanlar yerləşdirilir. Bu da haradasa insan alveri qurbanı olmamaq yolunda bir addımdır. 2-3 il əvvəl isə uşaq evlərindən çıxan şəxslərin yerləri olmadığı üçün onlar əksər vaxtı insan alverçilərinin əlinə düşürdülər və insan alveri qurbanlarına çevrilirdilər. Ümumiyyətlə, heç bir ölkə deyə bilməz ki, insan alveri qurbanı məsələsini həll edib. Çünki dünyada üç gəlirli yer var: insan alveri, narkotik və silah. Bunun üçündən birini və ya üçünü həll edən yoxdur. Azərbaycan balaca ölkədir və dövlət tərəfindən və bizlər əlimizdən gələni edirik ki, bunun qarşısını nisbətən alaq. Bu məsələnin tam həll olunması üçün hər halda sehirli dəyənək lazımdır.



Erkən nikahda potensial insan alveri qurbanından insan alveri qurbanına çevrilmə faktları olub. İlin əvvəlindən bu günə qədər xidmət göstərdiyimiz 68 nəfər insan alveri qurbanlarının 20 faizi erkən nikahdan, ailədaxili zorakılıqdan insan alveri qurbanına çevriliblər. Hansı birini danışdırsan, deyirlər ki, onu məcburi ərə veriblər və istəmədiyi üçün qaçıb. Fikirləşib ki, normal həyatı olacaq, özü pul qazanacaq. O, da insan tacirinin əlinə düşür.

-Yetkinlik yaşına çatmayanların insan alveri qurbanına çevrilmələri nədən irəli gəlir?

- Belə hadisələr əsasən alkoqol istifadəçisi olan, narkotik istifadə edən, boşanmış və ya ailə başçılarının birinin olmadığı ailələrdə olur. Belə uşaqlar Daxili İşlər Nazirliyi və yerli orqanlar tərəfindən mütəmadi olaraq nəzarətdədir. Küçə uşaqlarının insan tacirinin əlinə düşməsi çox asandır. Onların əksəriyyəti roman uşaqlarıdır. Bəziləri isə tam ailəsi olmayan uşaqlar, evdən və ya hər hansısa müəssisədən qaçıb küçələrə düşənlərdir.

İnsan oğurluğu belə insan alveri qurbanı sayıla bilər. Televiziyalarda bu sahədə sosial çarxların yayımlanması çox azdır. Belə yayımlar olsa, evdar xanımlar, təhsilini davam etdirməyib evdə oturan qızlar daha çox izləyər. Onların düşüncə tərzi ancaq ailə qurmağa, uşaq sahibi olmaq istiqamətdədir. Bu, pis düşüncə deyil. Lakin düşüncə tərzi çox dar olduğundan onlar üçün ailə qurmaq əsas prinsip sayılır. Onlar tez aldanırlar.

Televiziyada “Ay Zaur”un “5 də 5”verilişində “Elçilik” rubrikasına bir-iki dəfə baxmışam. Orada elçilikdə qızların özlərinin və ya valideynlərin istəyi ilə verilməsindən çox, məcburi razı salındığının şahidi oldum. Bu şəxslər də haradasa gələcəkdə bizim mərkəzə müraciət edənlərdən olacaq. Bunlar da potensial insan alveri qurbanına çevrilə bilər. Artıq erkən nikaha daxil olan, təhsildən yayınan qızları, səhətində problem yaranan və müalicə edə bilməyənləri, başqa yolla pul qazanmaq istəyən insanlara biz potensial insan alveri qurbanları kimi baxırıq.

-Ümumi baxışda Azərbaycanda potensial insan alveri qurbanları çoxdurmu?

- Burada tək qızlar deyil, oğlanlar da var. Asan pul əldə etməyə meyillənirlər və hansısa yolla başqa ölkəyə gedib, orada pul qazanmaq istəyirlər. Bu, əsasən dünyagörüşü dar olan, təhsili aşağı olan, pulun asan əldə edildiyi anlayışı ilə yaşayan insanlardır. Hər zaman deyirik ki, asan yolla qazanılan pul heç kəsə xeyir vermir və digər ölkələr sizi qollarını açıb gözləmir. Digər ölkələrdə təhsil, iş və ya başqa nələrsə təklif olunursa, bunu ilk növbədə araşdırın. Məsələn, dayə istənilməsi ilə bağlı başqa ölkədən gələn iş təklifini araşdırmadan qəbul edirlər. Yüksək maaşa, yaxşı şəraitə aldanırlar. Lakin ora gedən dayələr həm dayə kimi işləyirlər, həm də cinsi istismara məruz qalırlar və evdən çıxa bilmirlər. Çünki beynəlxalq pasportu iş verənin əlindədir. Ölkədən çıxa bilmir, çünki pulu yoxdur, evə zəng edə bilmir, çünki şantaj olunur. Çox vaxt insan alveri qurbanı olmuş şəxs bu tilovdan çıxmaq üçün ölkəyə geri qayıdır və öz problemini, borcunu bitirmək üçün burdan birini ora yönəldir. Proses zəncirvari baş verir.



-İnsan alverçiləri kimlədir? Onları bu yola əl atmağa vadar edən amillər nədir?

- Keçən il penitensiar müəssisələrdə insan alverçiləri ilə görüşmək istədiyimizi bildirdik. Qarşımıza çıxan insan alverçiləri gəlin-baldız, iki bacı, ana və qız idi. Sual verəndə ki, niyə insanların həyatını puç edirsiniz, deyirlər ki, ağılları olsun, getməsinlər. Özlərində günah görmürlər. Onlar nəinki həbsdən çıxandan sonra, elə həbsdə olanda da bu işlə məşğul olurlar. İnsan özü insan alveri qurbanına çevrilmir. Onu kimsə yönləndirir, kimsə aparır.

Bizdə elə insan var idi ki, maşın almaq üçün başqa ölkəyə gedib, öz böyrəyini satıb. Həmin şəxs kişidir. Əlbəttə, bu, cinayətdir. Orqan transplantasiyası pulsuz deyil, pul ödəyirlər. Lakin əvvəl tutaq ki, 5 manat deyirlərsə, bunu tam vermirlər. Xarici ölkədə heç kəs yanında yoxdur. Orqanını satdığını deyə bilmirsən, çünki cinayətdir. Bu, statistik deyil, çünki deyilmir. Biz bunları kimlərdənsə eşitmişik. O insanın elə olur ki, digər böyrəyi sıradan çıxır, aldığını satıb dializə gedir. Bu, zəncirvarı yoldur və sonu yoxdur. İnsan alveri qurbanına çevrilən şəxslər, deyək ki, qadınlar maşın, ev, qır-qızıl almaq üçün bu işin dalınca gedirlər. Çox vaxtı öz istəkləri ilə gedirlər, bəzən də məcbur edilirlər. Onlar pul qazanandan sonra səhhətlərində o qədər problemlər çıxır ki, məsələn, qadınlıq orqanları tələf olur, artıq istifadə oluna bilmir və ya psixoterapevtə cəlb olunur. Beləliklə, qazandığını yenidən özünə sərf edir.

Məsələn, təsəvvür edin ki, başqa ölkədəsiniz, sənədləriniz əlinizdən alınıb və günə 40 nəfər qəbul etməlisiniz. Sizə heç bir məbləğ ödənilmir. Pul istəyəndə isə bilet, qalma yerin, qidan hesablanır. Deyirlər ki, kirayəni, qidanı ödə, ondan sonra pul tələb et. Bu, da canını qurtarmaq üçün ölkəyə gəlib, öz yerinə başqasını göndərir.

-İnsan alveri qurbanları daha çox kimlər olur?

- Qadınlar olur. Onlar da əsasən cinsi istismara məruz qalır.

-Onlar daha çox hansı ölkələrə aparılır?

-Əsasən Türkiyə, Dubay və Rusiyaya aparılırlar. Başqa ölkələrə aparılanlar tək-tük hallarda olur.

-İnsan alveri qurbanları əsasən təhsilsiz, savadsız insanlar olur?

-Tam belə deməzdim, çünki təhsilli, savadlı şəxslər arasından da insan alveri qurbanına çevrilənlər olub. Lakin bunların sayı azdır. Məsələn, bir hadisəmiz olub ki, ziyalı ailənin qızı Tibb Universitetini bitirmişdi, iş axtarırdı. İşlə bağlı rəfiqəsi eşidib və bildirib ki, Türkiyədə aptekdə iş var. Başqa ölkədə işləmək üçün dəvət edən tərəf oturmaq və iş icazəsi almalıdır. İkincisi, Türkiyədə aptekdə işləmək üçün kurs keçməli və lisenziya almalısan. Qız hamilə halda bunları bilmədən gedib. Hamilə olduğu haqda valideynləri və nişanlısı bilməyib. Türkiyəyə gedən kimi həmin gecə onu işlədiblər və bu, hamiləliyinin 8 ayına qədər davam edib. Sonra da oradan qaçıb. Qaçmağına müştərilərdən biri kömək edib.



Başqa bir hadisə. Kişi təhsilli idi və burada zavodlardan birində işləyirdi. Uşağının əməliyyatı üçün pul qazanmaq adı ilə başqa ölkəyə gedib. Onu yönəltmişdilər ki, yaxşı şəraiti olacaq və yaxşı pul qazanacaq. Lakin orada əmək istismarına məruz qalıb, deyilən maaşı almayıb. Uzun müddət orada qalıb. Çox vaxt insan alveri qurbanı olan şəxslərin səhiyyəyə əlləri çatmır. Hansısa dərman lazım olsa, onlar dərmanı almırlar. Nəticədə, şəxsin səhhətində problemlər getdikcə artır.

-Onların həyata dönüşü, reabiltasiyası, cəmiyyətə qarışması nə qədər vaxt çəkir?

-Bu, insan alverinin növündən asılıdır. Əmək istismarına məruz qalan insanların cəmiyyətə reabilitasiyası daha asan olur. Amma cinsi istismara məruz qalan şəxslərlə bir az problem olur. Biz onlara iş və ya sığınma yeri təklif etsək, onlarda yenə asılılıq olur. Bu, xəstəlik kimi bir şeydir. Onların arasından normal həyata qayıdanlar, ailə quran, uşaqları olan da var.

-İnsan alveri qurbanları əsasən hansı yaş aralığında olurlar?

-Cinsi və əmək istismarına məruz qalan qadınlar 18-35 yaş aralığında, kişilər isə 26-40 yaş aralığında olur. Kişilər tikinti sektoru, fabriklərdə, donuz fermalarında işlədikləri üçün daha çox fiziki cəhətdən gücü çatanları aparırlar. Kişilər işləmək üçün əsasən Türkiyə və Rusiyaya aldadılaraq aparılır.

-Qurbanları sonradan valideynləri, həyat yoldaşları qəbul edirmi?

- Həmin şəxsləri çox az ailələr qəbul edir. Çox vaxtı bu şəxslər özləri ailələrinə getmək istəmirlər. Elələri də var ki, ailələrinin bu insanın nə işlə məşğul olduğu haqqında məlumatı yoxdur. Gəlirin haradan gəldiyi bilinmir. Sadəcə deyir ki, Türkiyədə mağaza açıb işlədir. Onların davamlı reabilitasiyası üçün əlaqə saxlayan zaman həmin şəxsin özü olub-olmamağı haqqında bir neçə sual veririk. Çünki yanında başqa şəxslər ola bilər. Telefonu götürən kimi demirik ki, filan mərkəzdən zəng edirik. Biz o şəxsin təsdiqini alandan sonra məlumat veririk. Ailəsi götürən zaman isə rəfiqəsi və ya yaxını olduğunu deyirik.



-İnsan alveri qurbanlarına daha çox harada rəst gəlirsiniz: Bakıda, yoxsa bölgələrdə?

-İnsan alveri qurbanları içərisində rayonlardan olanlar daha çoxdur. Qorxutmaq istəməzdim. Lakin valideynlər ehtiyyatlı olsunlar. Rayonlardan çox vaxtı uşaqlar bura təhsil almağa gəlirlər və onlara kirayə evlər tutulur. Tutduğu evlərə, yiyələrinə, harada tutmalarına da fikir versinlər. Yeniyetmələr potensial insan alveri qurbanı sayıla bilər.

Aytən Zəhra
Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: İnsan-alveri  





Xəbər lenti