“AXC müstəqillik üçün ciddi maneə idi” - Siyavuş Novruzov
“Həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü. Bu məqsədlə ölkə ziyalıları Heydər Əliyevin siyasətə qayıdışına mane olmaq üçün Mütəllibov hakimiyyəti tərəfindən ortaya atılmış “yaş senzi” adlanan bədnam qeyri-demokratik qanunun aradan qaldırılmasına çalışırdı. Bununla bağlı keçirilən mitinqlərdə ölkə vətəndaşlarının əksəriyyəti yaş senzinin ləğv edilməsini, Heydər Əliyevin vaxt itirilmədən siyasi hakimiyyətə dəvət edilməsini və onun xalq arasındakı nüfuzundan ümummilli məsələlərin həllində istifadə edilməsini zəruri sayırdı.
Heydər Əliyev həmin dövrdə ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağı məqsədəuyğun hesab etmirdi. Bu görkəmli siyasətçi hətta Naxçıvan Ali Məclisinin sədrliyinə də muxtar respublika əhalisinin və Ali Məclis üzvlərinin çoxsaylı təkidlərindən və xahişlərindən sonra razılıq vermişdi. Lakin istər Mütəllibov, istərsə də AXC-Müsavat hakimiyyəti tərəfindən məqsədli şəkildə yaddan çıxarılmış, ağır sosial-iqtisadi problemlərlə üzləşmiş bu qədim torpağın Heydər Əliyev idarəçiliyinə çox böyük ehtiyacı var idi. Naxçıvan əhalisinin tələbləri nəticəsində muxtar respublikanın Ali Məclisinin Sədri seçilən Heydər Əliyev qısa vaxt ərzində insanların ona olan münasibətini doğruldaraq, blokada şəraitində yaşayan Naxçıvanın düşdüyü ağır vəziyyətdən xilası üçün mühüm işlər gördü. Belə mürəkkəb şəraitdə sonralar tarixə “91-lər” kimi daxil olan vətənpərvər ziyalılar ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevə müraciət ünvanladılar. Həmin müraciət Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi idi. Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə səkkiz gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Bu zaman AXC-nin Naxçıvanda silahlı dövlət çevrilişi etmək cəhdi Heydər Əliyevin xalqa arxalanan məqsədyönlü siyasəti və fəaliyyəti nəticəsində boşa çıxdı”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: YAP Siyavuş-Novruzov