`Bunlar ölkəni hara aparıb çıxaracaqlar?`

`Bunlar ölkəni hara aparıb çıxaracaqlar?`
  20 Sentyabr 2013    Oxunub:1164
İctimai Televiziyada prezidentliyə namizədlərin növbəti debatı keçirilib.
AzVision.az qafqazinfo-a istinadən məlumat verir ki, bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Hafiz Hacıyevin Cəmil Həsənlinin ailəsi ilə bağlı dediklərinə etiraz edib və insanların şəxsi həyatının müzakirəyə çıxarılmasını xoşagəlməz hal kimi dəyərləndirib:

"Cəmil müəllimə də müraciət edirəm ki, adekvat cavab verməyə çalışmasın. Hər halda kiminsə ailə həyatının burada müzakirə olunması qətiyyən yolverilməzdir. Kimin kiminlə ailə qurmasını və digər bu kimi məsələləri burada müzakirə etsək, bu, heç kimə başucalığı gətirməz. Bu, mənim şəxsi fikrimdir. Keçək əsas məsələyə. Biz, Cəmil Həsənlinin siyasi mövqeyi, onun keçdiyi yolu, mövqeyindəki dəyişikliklərlə bağlı öz iradlarımızı bildirə və tənqidi fikirlərimizi söyləyə bilərik. Ona görə də mən, fikirləşirəm ki, Cəmin Həsənli narazı elektoratın səsini almağa əsas iddialı namizədlərdən biridir və burada əyləşənlərin heç birini müxalifət hesab etmir. Ona görə də biz, bəzi məsələlərin ictimaiyyətə çatdırılmasında öz sözümüzü deməliyik.

Məsələn biz, Cəmil Həsənlinin imzaladığı bir sənədlə bağlı ona bir sual ünvanlaya bilərik. Həmən sənəddə qeyd olunur ki, o, Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkətdən, Rəsul Quliyevdən ibarət 2 il müddətinə bir koalision hökumət quracaq. Ötən dəfə də mən burada dedim ki, bu insanlarla qurulan hökumət Azərbaycanı hara aparıb çıxara bilər". Qüdrət Həsənquliyevin sözlərinə görə, vaxtilə Lalə Şövkət istefa verəndə deyirdi ki, "mən Rəsul Quliyvin korrupsioner kimi istefasını Heydər Əliyevdən tələb elədim. Heydər Əliyev bu addımı atmadığına görə, mən istefa verdim". O, həmçinin Şövkətin istefa ərizəsindən iqtibas gətirib: "Bu günkü iqtidarda korrupsianın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan sizin yaxın ətrafınızla (bu müraciət Heydər Əliyevə olunub) bundan sonra işləməyin qeyri mümün olduğuna görə, xahiş edirəm məni dövlət katibi vəzifəsindən azad edəsiniz".

BAXCP-nin prezidentliyə namizədi diqqəti Lalə Şövkətin sentyabrın 7-də yaydığı müraciətə yönəldib: "Lalə Şövkətin Milli Şuranın rəhbərliyinə, onu təsis edənlərə ünvanladığı müraciətdə deyilir: "Bunlar heç bir vəchlə, nə şəxsiyyət, nə də siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən, bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Bunlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Haxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir və heç kim bunları yaddan çıxarmayıb". İndi, əziz seçicilər, mən, sizə müraciət edirəm. Rəsul Quliyevin verdiyi açıqlamaları hər kəs xatırlayır. İsa Qəmbər Lalə Şövkəti xarici kəşfiyyata işləyən agent, bizim buradakı rəqiblərimizdən birini də, MTH-nin hansısa əməkdaşının gədası adlandırmışdı. İndi özünüz düşünün, bu adamların quracağı hökumət bu ölkəni hara aparıb çıxara bilər? 1993-cü ildə Gəncədə qiyam başlayanda Əli Kərimli, İsa Qəmbər və Pənah Hüseynov qaçıb getdilər o zamankı daxili işlər naziri Abdullah Allahverdiyevin kabinetindən Heydər Əliyevə zəng etdilər. Həm də öz prezidentlərinə - Elçibəyə məlumat vermədən... O zaman Heydər Əliyev kimi bir tarixi şəxsiyyət var idi və ona müraciət etdilər. İndi kimə müraciət olunacaq? Bunlar 6 aydan sonra ölkəni fəlakətə sürükləyərlər. İndi heç bir səlahiyyətləri olmadığı halda bir-birinə qarşı necə ağır ittihamlar səsləndirirlər. Bunların hərəsi bir səlahiyyət sahibi olsalar, bu ölkəni hara aparıb çıxaracaqlar, Cəmil müəllim?".

Hövbəti teledebat zamanı Azərbaycanın xarici siyasəti haqqında danışacağını deyən Qüdrət Həsənquliyev narazı elektoratın səsini qazanmağa iddialı olan Cəmil Həsənliyə bir sualının olduğunu da vurğuladı:

"Cəmil müəllim keçirdiyi mətbuat konfransında qeyd edib ki, Milli Şuranın xarici siyasət kursu avroatlantik məkana inteqrasiyadır. Görünür, Cəmil müəllim yadından çıxarıb ki, onun prezidentliyə namizədliyi irəli sürülərkən ona bir sənəd imzalatdırıblar. Həmin sənəddə qeyd olunur ki, xarici siyasət kursu Milli Şuranın təsis bəyannaməsinə uyğun olaraq həyata keçirilməlidir. Orada da qeyd olunur ki, Avroatlantik məkana inteqrasiya məsələsi referendum yolu ilə həll ediləcək. Bu da şübhəsiz ki, Putinə xoş gəlmək, Rusiyanın dəstəyini almaq üçün belə deyilmişdi. Bunu da Azərbaycanda bilməyən yoxdur. Görünür, bu məsələdə Əli Kərimovdan nümunə götürülüb. O vaxtilə sənəd imzalamışdı ki, parlamentə getməyəcək, amma sonradan getdi. Amma Əhəd Abıyevin təhqirlərindən sonra parlamenti tərk etdi. Amma ora gedəndə demişdi ki, "mən ora mübarizə üçün gedirəm. Bu mübarizədə həyatımı da itirməyə hazıram". Mən, indi soruşmaq istəyirəm, Cəmil müəllim cavab versin ki, niyə özünü qərbpərəst, qərb demokratiyasına bağlı olan insanlar birdən-birə belə bir məsələnin referendum yolu ilə həllinə getdilər. Və niyə onlar bütün demokratik dünya tərəfindən tənqid olunan Putinə böyük demokrat kimi müraciət etdilər. Gələn dəfə mən, həmin məktubu ictimaiyyətə təqdim edəcəyəm".(Qafqazinfo)



Teqlər:  





Xəbər lenti