Prezidenti dəstəkləyən daha bir bəyanat

Prezidenti dəstəkləyən daha bir  bəyanat
  19 Sentyabr 2013    Oxunub:1022
Beynəlxalq Diaspor Mərkəzi (BDM) prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.

Mərkəzdən AzVision.az-averilən məlumata görə, bəyanatda qeyd olunur ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında inkişaf etməkdədir:

"Cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakın təmin edilməsi, diasporumuzun potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində işlər aparılır. Bu siyasətin reallaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə diaspor sahəsində dövlət proqramları həyata keçirilir və bu istiqamətdə Azərbaycanın milli maraqlarının xarici ölkələrdə müdafiəsi üçün məqsədyönlü fəaliyyət göstərilir".

BDM bəyan edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsi, ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edir:

"Möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyi beynəlxalq aləmdə ifşa olunmaqdadır. Geniş dünyagörüşünə, dərin intellektə və yüksək mədəniyyətə malik olan İlham Əliyev çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır.

O, sürətlə dəyişən çağdaş dünyada, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda ölkəmizin milli mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin ardıcıl və uğurlu xarici siyasəti sayəsində regional və beynəlxalq məsələlərin həllində də rolu və nüfuzu getdikcə artır. Hal-hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir".

Bəyanatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur hissi duyur və ölkə prezidentini dəstəkləyirlər: "Lakin təəssüflər olsun ki, özünü Azərbaycan diasporu adlandıran "AZERROS"un sədri Söyün Sadıqov və "Borçalı" İB-nin sədri Zəlimxan Məmmədli kimilər bir sıra açıqlamalar verərək, Rusiya və Gürcüstanda yaşayan soydaşlarımız arasında ajiotaj yaratmağa çalışırlar.

Bu ölkələrdə yaşayan yüz minlərlə soydaşımız adından onların danışmaq haqqı yoxdur. Həmvətənlərimiz Prezident İlham Əliyevin dəstəyini daim hiss edir və öz doğma vətənlərinə sədaqətlə bağlıdırlar. Söyün Sadıqov kimilərinin fəaliyyətlərinə nəzər yetirdiyimiz zaman açıq görünür ki, bu adamlar şəxsi mənafeləri naminə Azərbaycan diasporundan istifadə edir və ölkəmizin əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar.

BDM-nin çoxsaylı üzvləri, regional nümayəndəlikləri adından Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, ölkəmizin daha da inkişafı naminə üzərinə düşən tarixi, milli və vətəndaş məsuliyyətini dərk edərək 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində fəxr və qürur hissi ilə cənab İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik. Dünya azərbaycanlıları və Azərbaycan diasporu Sizin yanınızdadır!".


Teqlər:  





Xəbər lenti