“Heydər Əliyev. Şəxsiyyət və Zaman” təqdim edildi

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” təqdim edildi
  01 Noyabr 2017    Oxunub:3870
Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AzVision.az-a verilən məlumata görə, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və TEAS-ın birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb.

Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

TEAS-ın London ofisinin rəhbəri Cek Peqoraro tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü parlament üzvü Bob Bləkmana verib. B. Bləkman bildirib ki, Azərbaycanın yüksəlişi və dinamik inkişafının böyük hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, Sovet İttifaqının adi respublikası olan bir ölkəni tamamilə müstəqil bir dövlətə çevirməyə nail olub, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Bob Bləkman vurğulayıb ki, Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Böyük Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələrək və bu dostluq əlaqələri gündən-günə dərinləşməkdə davam edir: “Heydər Əliyev Britaniyanın yaxın dostu olub. Azərbaycandakı xarici investorlar arasında Böyük Britaniya şirkətləri liderlik edir. BP şirkəti tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) bağladığı “Əsrin müqaviləsi” kontraktı məhz Heydər Əliyevin titanik əməyinin məhsuludur”.

Qeyd olunub ki, Elmira Axundovanın bu əsərləri real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin peşəkarcasına müşahidəsinin və arxiv sənədləri üzərində ciddi yaradıcılıq işinin məhsuludur. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin xidmətlərindən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin miras qoyduğu müstəqil, sabit və çiçəklənən Azərbaycan Böyük Britaniya da daxil olmaqla, başqa ölkələr üçün etibarlı tərəfdaşdır.

“Əsrin müqaviləsi” nin imzalanmasının şahidi olmuş, BP şirkətinin keçmiş məsləhətçisi Tamara Draqadze görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən Heydər Əliyevin bütün çətinliklər qarşısında dəfələrlə dəmir iradə nümayiş etdirdiyi deyib.

Üçcildliyin müəllifi Elmira Axundova qeyd edib ki, Heydər Əliyevin fədakarlıqları Azərbaycanının milli maraqlarına həsr olunub: “Heydər Əliyev çox ağır bir həyat yaşayıb. O, inandığı idealların çökdüyünü görüb və sədaqətlə xidmət etdiyi bir ölkənin parçalanmasının şahidi olmuşdu. O, yeni bir dövrə qədəm qoydu və həyatını sıfırdan başlayaraq, ikinci dəfə siyasi Olimp zirvəsinə yüksəldi. Ancaq bu fərqli bir ölkədə və fərqli bir dövrdə baş verdi”. Tədbirin sonunda Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlar səsləndirilib.

Qeyd edək ki, ingilis dilində nəşr olunan “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin birinci kitabı (“Heydər Əliyev. Canlı tarix”) XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin prezidentin şəxsi arxivində iş zamanı aşkar edilən unikal sənədlərə əsaslanır, əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, onun dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs edir.

İkinci kitabda (“Kremldə beş il”) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. Üçüncü kitabda (“Qayıdış”) Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edib.

AzVision.az


Teqlər: Heydər-Əliyev  





Xəbər lenti