Atışmalar zamanı Ermənistan daha çox itki verir

Atışmalar zamanı Ermənistan daha çox itki verir
  17 Sentyabr 2013    Oxunub:1287
Ermənistan cəbhə xəttindən snayperlərin götürülməsini istəyir. Lakin snayperləri cəbhə xəttindən götürməklə münaqişə həll olunmur. Münaqişəni köklü şəkildə həll etmək üçün düşmən işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Naftalan şəhərində N saylı hərbi hissədə keçirdiyi mətbuat konfransında bildirib.

E.Sabiroğlunun sözlərinə görə, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyib, bu problemi həll etmək mümkün olmayacaq:

"Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə, cəbhədə narahatlıqlar mövcud olacaq. Onlar qoşunların təmas xəttində snayperlərin fəallaşmasından çox narahatdırlar və təklif edirlər ki, snayperlər cəbhə xəttindən yığışdırılsın. Onlar başa düşmürlər ki, snayperləri yığışdırmaqla problemi həll etmək mümkün deyil.

Problemi kökündən həll etmək üçün ilk növbədə, Ermənistan işğalçılıq siyasətindən əl çəkib, Azərbaycan torpaqlarını tərk etməlidir. O zaman nədənsə danışmaq mümkündür."

Onun sözlərinə görə, qoşunların təmas xəttində baş verən atışmalar zamanı Ermənistan Azərbaycana nisbətən iki dəfə çox itki verir. Ermənistan ordusunda olan mövcud vəziyyətə də toxunan mətbuat xidmətinin rəhbəri qeyd edib ki, orada vəziyyət acınacaqlıdır. Hətta Ermənistan QHT-lərinin yaydıqları məlumatlara görə, əsgər anaları həftədə bir dəfə öz övladlarına azuqə aparırlar.

Polkovnik Sabiroğlu əsgər ölümləri barədə suallara cavabında bildirib ki, Müdafiə Nazirliyi həlak olan hərbçilərlə bağlı məlumatları gizlətmir, faktları təhrif etmir, bütün məlumatları ictimaiyyətə dəqiq təqdim edir.

Eldar Sabiroğlu mətbuat konfransında, həmçinin Azərbaycan Ordusunda son illər əldə edilən nailiyyətlər, hərbi-texniki sahədə qazanılan uğurlar, ordunun döyüş qabiliyyətinin artması məsələlərinə toxunub, təmas xəttində baş verən bir sıra digər məsələlər barədə danışıb.

Qeyd edək ki, bu gün millət vəkilləri, ziyalılar və QHT rəhbərlərindən ibarət bir qrup Müdafiə Nazirliyinin Goranboy rayonu istiqamətində ön xəttə yerləşən "N" saylı hərbi hissəsinə səfər edib. Onlar əsgərlərin həyat və xidmət şəraiti ilə maraqlanıb, əsgər yeməkxanalarına və yataqxanalarına baş çəkiblər.

Nümayəndə heyəti ön xəttdən işğal altındakı əraziləri müşahidə ediblər.

Qrupun tərkibinə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə, Yazıçılar Birliyinin İdarə Heyətinin sədri, yazıçı Anar, xalq artistləri Amaliya Pənahova və Nurəddin Mehdixanlı, QHT rəhbəri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və digərləri daxildir.


Teqlər:  





Xəbər lenti