YAP funksioneri: `Müxalifət partiyaları ilə görüşdüm, gördüm ki...`

YAP funksioneri: `Müxalifət partiyaları ilə görüşdüm, gördüm ki...`
  17 Sentyabr 2013    Oxunub:1047
Yeni Azərbaycan Partiyası (YAP) Səbayel Rayon Təşkilatının sədri, professor Zahid Qaralov seçki ərəfəsində ölkədə yaranmış son siyasi vəziyyəti şərh edir:

- Rəhbərlik etdiyiniz rayon təşkilat; seçkilərə necə hazırlaşır?

- 2013-cü ilin yanvar ayından biz iki mühüm hadisə üzərində işlərimizi qurmuşuq. Bunlardan birincisi milli lider Heydər Əliyevin 90 illiyi, digəri prezident seçkiləridir. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Ulu öndərin yubileyi ərəfəsində bütün rayon ərazisindəki 24 min partiya üzvünün fəallığını təmin etmək üçün hərtərəfli fəaliyyət planı hazırladıq. Planda nəzərdə tutulan bütün tədbirlər ardıcıl olaraq həyata keçirildi.

Seçki dövrünə gələndə isə Qanunvericiliyə və seçki cədvəli üzrə hərəkətlərə uyğun olaraq gündəlik fəaliyyət planı tərtib elədik. Bu günə kimi bütün işlər ardıcıllıqla həmin plan üzrə davam etdirilir. Konkret olaraq, rayon ərazisində olan seçicilərin tərkibi dəqiqləşdirilir. Bu işə 1500-dən artıq partiya fəalı cəlb olunub. Bir-bir evləri gəzib daimi qeydiyyatda olan və olmayan rayon sakinlərinin dəqiq siyahısını tərtib ediblər. Hazırda rayon ərazisində yüz mindən çox əhali yaşayır. Onlardan 47 min 300 nəfəri seçici hüququna malik vətəndaşlardır. Həmin vətəndaşlardan da 1400 nəfərə yaxını rayon ərazisində işləyən, lakin başqa rayon və şəhərlərdə daimi qeydiyyatı olan sakinlərdir. Biz həmin insanlarla da əlaqə saxlayır, seçki günü onların harada səs verəcəyini müəyyənləşdiririk.

2 seçki dairəsinin 40 seçki məntəqəsindəki Yeni Azərbaycan Partiyası üzvlərinin, eləcə də müşahidəçilərin, məşvərətçi səs hüququ olanların da dəqiqləşdirilməsi aparılıb. Bizim 109 ərazi təşkilatımız var. Bu təşkilat sədrləri ilə seminarlar keçirmişik. Onların ərazisindəki seçki məntəqələrinə cavabdehlik də birbaşa onlara həvalə olunub. Fəal gənclərdən ibarət bayraqdarlar da formalaşdırmışıq. Onlarla müntəzəm iş aparılır. Seçiciləri də kateqoriyalara bölmüşük. İlk dəfə səs verəcək gənclərlə, həmçinin partiya üzvü olan və olmayan gənclərlə də iş aparılır, seminarlar keçirilir. Həmçinin yaşlı və orta nəslin nümayəndələri, ahıllar, rayon ərazisində yaşayan 1500 nəfərə yaxın müharibə veteranı, `partiyamızın qızıl fondu` adlandırdığımız “91-lər”lə də ayrıca iş aparılır. Demək olar ki, onların hamısı seçkiyə cəlb olunub. Beləliklə indidən müəyyənləşdirmişik ki, kimlər bizim namizədimizə səs verəcək.

Bunun üçün əvvəlcədən bir neçə qrupun iştirakı ilə monitorinqlər keçirmişik. Əvvəlki illərə nisbətən mütəşəkillik qat-qat artıb. Artıq əhali öz mövqeyini müəyyənləşdirib. Baxmayaraq ki, namizədlərin geniş təbliğatına rəsmən sentyabrın 17-dən başlanılmalıdır, biz bununla bağlı bütün hazırlıq işlərinin indidən görmüşük. Seçkinin keçirilməsi üçün bütün texniki məsələlər öz həllini tapıb. Bütün seçki məntəqələrimiz tam təmir olunub, ən müasir zəruri avadanlıqlarla təchiz edilib, partiyamızın Səbayel rayon təşkilatında seçki qərargahı yaradılıb. Hətta mitinqlərin keçirilməsi üçün yer də ayrılıb. Ümumilikdə 3 minə yaxın insan təbliğat-təşviqat işlərinə cəlb olunacaq.

- Maraqlıdır, hakim partiyanın rayon təşkilatına mitinq keçirmək üçün şəhərin hansı ərazisində yer ayrılıb?

-Əvvəllər mitinqlərin keçirilməsi məqsədilə iki belə yer var. Bunlardan birincisi 20-ci sahə deyilən ərazidəki sürücülük məktəbinin həyətidir. Hansıkы, müxalifət də orada aksiyalar keçirib. Digər bir ünvan hava şəraitinə uyğun olaraq ayrılıb. Yəni, hava yağmurlu və bərk küləkli olarsa, mitinqimizi Badamdar qəsəbəsindəki örtülü klubda keçirəcəyik. Amma, seçicilərlə əsas görüş yerimiz partiyamızın rayon təşkilatının qərargahı olacaq.

- 2013-cü il başlayanda bəzi müxalifət təmsilçiləri hakim partiya ilə dialoqun baş tutması barədə müxtəlif fikirlər səsləndirirdilər. YAP, o cümlədən bu siyasi təşkilatın üzvü kimi Siz belə fikir və təklifləri necə dəyərləndirirsiniz?

- Hər il olduğu kimi, bu dəfə də mən çalışmışam ki, bizim rayon ərazisində olan müxalifət partiyalarının nümayəndələri ilə görüşüm. Maraqlıdır ki, onlardan bir-iki nəfəri partiya sədri kimi özü qərargaha gəlib. Onlara demişəm ki, özünüz deyil, nümayəndəniz gəlsin. Cavab verirlər ki, nümayəndə elə mən özüməm. Təsəvvür edin, belələri arasında prezidentliyə iddialı olanı da var.
Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, bu siyasi təşkilatın yaradıcılarından biri kimi təklif edirəm ki, tədbir keçirəndə bizi də dəvət edin, görüşək, fikir mübadiləsi aparaq. O, isə deyir ki, belə görüşlər yüksək mərtəbədə, liderlər səviyyəsində baş tutmalıdır. İndi özünüz müqayisə aparın. YAP sədri 600 min azərbaycanlının lideridir, müxalifətçi lider kimi özünü təqdim edən bu şəxsin yalnız partiyası, bir papkası, bir də özü var. Belə olan halda hansı dialoqdan söhbət gedə bilər? Dialoqu o yerdə, o zaman təkidlə tələb edərlər ki, orada güclər bərabər səviyyədədir. Elektoratı bizim partiyanın heç ilk ərazi təşkilatındakı insanların sayı qədər olmayan partiya sədri özünü müxalifət lideri adlandırsa belə, bizim partiyanın lideri ilə üzbəsurət oturmaq səviyyəsində deyillər.

- Prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin sayı 20-dən artıq olsa da, son anda onlardan cəmi 10 nəfəri Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alındı. Həmin şəxslər arasında hazırkı dövlət başçısına ciddi rəqib olacaq namizəd varmı?

- Xeyr! Onlardan heç biri Prezident İlham Əliyevə ciddi rəqib ola bilməz. Милли Şuraya yığılanlar Rusiya vətəndaşını gətirib özlərinə sədr, ardınca vahid namizəd etdilər. İlk vaxtlar Milli Şuranı YAP-a qarşı ciddi siyasi təşkilat kimi qələmə də verir, burada geniş xalq kütlələrinin təmsil olunduğunu bəyan edirdilər. Rusiyaya bağlılığı olan Rüstəm İbrahimbəyovu özlərinə rəhbər seçən müxalifət liderləri bunu birlik kimi camaata sırıyırdılar. Halbuki bu, belə deyildi və zaman bunu bir daha təsdiqlədi. Bu günə kimi müxalifət liderlərinin bəlkə də yüzlərlə belə “birliyi” olub. Son anda həmin “birliyi” elə özləri dağıdıblar. Milli Şurada da bir otağa yığışan müxalifət liderləri birlik təəssüratı yaratsalar da ürəklərində pərakəndəlik, ayrıseçkilik, fərdiçilik yaşadırdılar. Ona görə də bu “birlik” ölü doğulan uşağı xatırlatdı.

- MSK tərəfindən qeydə alınanlardan biri də Milli Şuranın namizədi, tarixçi Cəmil Həsənlidir. Sizcə, o, müxalifəti düşdüyü vəziyyətdən xilas edə biləcəkmi?

- Qətiyyən! Səhv etmirəmsə, Cəmil Həsənli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müavini idi. Mənim yaxşı yadımdadır, o, 2005-ci ildə deputat seçiləndən sonra partiyаdan istefa verərək, parlamentə getdi. O zaman cəbhənin nəzarətində olan mətbuat orqanı Cəmil Həsənlini bu addımına görə tənqid edir, qınayırdı. Bundan başqa, həmin qəzetdə bir vaxtlar iqtisadi inkişaf naziri olan Fərhad Əliyev də korrupsioner, rüşvətxor, vəzifə səlahiyyətlərini aşan məmur kimi təqdim edilirdi.

Elə ki, dövlət orqanları Fərhad Əliyevi əməllərinə görə həbs etdilər, başladı həmin qəzet onu müdafiə etməyə. Hətta Cəmil Həsənli də eks nazirin hüquqlarını müdafiə komitəsi yaradıb ona qahmar çıxdı. Sözügedən mətbuat orqanı bunun üçün Cəmil Həsənlinin tribunasına çevrildi. Bax, bu adamlar bu əqidənin, bu mövqeyin daşıyıcısıdırlar.

Onlar üçün vahid ideya, strateji xətt yoxdur. İndi də Cəmil Həsənlini sanki öz “birliklərinin” rəmzinə çeviriblər. Ancaq reallıqda onlar birləşməyiblər, sadəcə bir otağa yığışıblar. Birlik görkəmi yaratmağa çalışırlar. Bayaq qeyd etdiyim kimi, hər kəs ürəyində öz iddiasında, öz hikkəsində yenə də qalmaqdadır. Eks spiker, ACP lideri Rəsul Quliyev bunlara çox maraqlı fikir bildirib, qiymətlərini verib. Mən həmin fikri təkrarlamaq istəmirəm, ancaq deyilənlərlə tam razıyam. AXC-Müsavat partiyalarının sədrləri, eləcə də Milli Şurada təmsil olunan digər adamlar öz mənafelərini heç zaman Rüstəm İbrahimbəyova, Cəmil Həsənliyə güзəştə getməzlər.

Vaxtilə ulu öndər Heydər Əliyev onlara xitabən demişdi ki, siz heç zaman hakimiyyətə gələ bilməyəcək, elə müxalifətdə qocalacaqsınız. O zaman deyilən sözlər bu gün təsdiqini tapır. 20 ildir bu adamlar müxalifətdə təmsil olunur, boş-boş danışıb yalan vədlər verməklə məşğuldurlar. Onların hamısı xalq cəbhəsinin şinelindən çıxan insanlardır. Siyasi proseslərdən məlumatlı olanlar bilir ki, xalq cəbhəsi Qorbaçovun törəməsi, “ölü doğduğu övlad”dır. Bu törəmələr də öz rollarını oynayaraq Azərbaycanı çox ağır vəziyyətə saldılar. Hakimiyyətə gəldilər, ancaq cəmi 11 ay ömürləri oldu. Xalq onlara öz yerlərini göstərdi. Sonra parçalana-parçalana bu günə gəlib çıxdılar. İndi də bir-birinin üzünə durur, öz mənafeyi naminə hər vasitəyə əl atırlar.

- Milli Şuranın vahid namizədi seçki öncəsi Londona səfər edərək orada görüşlər keçirib. Sizcə prezidentliyə iddialı şəxsin xalqın, yoxsa xarici qüvvələrin dəstəyinə daha çox ehtiyacı var?

- Milli Şuraya üzv olanlar indi də yapışıblar, Rusiyanın, Avropanın, Amerikanın ətəyindən. Gah bu ölkələrə səfərlər edir, gah da oradan qonaqlar dəvət edib görüşlər keçirirlər. Lakin başa düşmürlər ki, xarici qüvvə heç zaman mənim müqəddaratımı həll edə bilməz. Əgər sən doğrudan da xalqın təəssübünü çəkir, mənafeyini düşünürsənsə gəl mənimlə görüş. Azərbaycanın problemlərini azərbaycanlılar həll edir, əcnəbilər deyil. Azərbaycan prezidentini də Azərbaycan xalqı seçəcək. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan əhalisi İlham Heydər oğlu Əliyevə səs verəcəklər. Onun heç bir ciddi rəqibi yoxdur.

Buna əsas səbəb prezidentliyə digər namizədlərin əhali və xalq qarşısında gördüyü işlər, daha doğrusu işsizliklərdir. Özlərini ata-ana müxalifət adlandırıb idдialı danışanlar vaxtilə hakimiyyətdə təmsil olunanda ancaq özlərinə işlədilər. Üstəlik Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoydular, xalqı təhqir etməkdən belə çəkinmədilər. Bu gün də onların təsiri altında olan mətbuat orqanlarına nəzər salanda görürsən ki, eyni təhqir tonu ilə yenə də xalqı aşağılamaqdadırlar. Bu kimi səbəblərdən Azərbaycan xalqı qaraguruhçuların deyil, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin arxasınca gedir, ona səs verir, yalnız onu özünün prezidenti kimi görür.

Rufik İSMAYILOV / `Kaspi`


Teqlər:  





Xəbər lenti