ABŞ Ermənistan ordusunun silahlanmasına kömək edir
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kanzas ştatının Milli Qvardiya komandiri, general-mayor Li Tafanelli bildirib.
"Biz Ermənistana bir sıra sahələrdə öz müdafiəsini gücləndirməyə, o cümlədən fövqəladə halların idarə olunmasında kömək etmək istəyirik"- amerikalı general deyib.
Ümumiyyətlə, Ermənistan və Kanzas Milli Qvardiyası 14 ildir ki, hərbi əməkdaşlıq edir. Generalın bildirdiyinə görə, müdafiə sahəsində Ermənistan-ABŞ hərbi əməkdaşlığı əsasən humanitar sahədə cəmləşib, hətta hərbçilər Ermənistanda qocalar evlərini təmir ediblər.
Li Tafanelli ABŞ-ın Ermənistan ordusunda həkim və sülhməramlılarının hazırlaması, o cümlədən silahlanmaya kömək etdiyini də etiraf edib.
General Tafanellinin sözlərinə görə, Birləşmiş Ştatlar erməni əsgərlərini NATO qoşunlarının yüksək standartlarına uyğun hazırlayır.
"ABŞ-ın məqsədi regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, o cümlədən demokratiya və azad bazar münasibətlərinin qurulmasıdır"- deyə general əlavə edib.
O, həmçinin Ermənistanın KTMT-yə üzv olması, ərazisində rus hərbi bazasının yerləşməsinə baxmayaraq, bunun aparılan əməkdaşlığa maneə olmadığını və yaxın gələcəkdə Ermənistanla əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Alpər Mövlüdoğlu
AzVision.az
Teqlər: ABŞ Ermənistan