Prezident və xanımı “Azərsu”da

Prezident və xanımı “Azərsu”da
  16 Sentyabr 2013    Oxunub:1180
Prezident “Azərsu”nun mərkəzi laboratoriyasının yeni binasının açılışını edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 16-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib, “+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizləri vahid sistemdə qeydiyyata almaq, tam əhatəli informasiya bazası yaratmaq, uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanları genişləndirmək məqsədilə 2011-ci ildə mərkəzi laboratoriyanın yeni inzibati binasının inşasına başlanılıb. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən, ümumi sahəsi 1800 kvadratmetr olan yeni bina yüksək standartlara uyğun şəkildə inşa edilib.

Prezident İlham Əliyev laboratoriyanın yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir. Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür.

Diqqətə çatdırıldı ki, regionun ən müasir laboratoriyasında quraşdırılmış “ICP-MS” cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metallar dəqiqliklə təyin olunur.

Laboratoriyanın mikrobioloji analizlər otağında isə təhlükəli bakteriyalar təyin olunur. Tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Laboratoriya insan sağlamlığının və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Burada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan dövri olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulub.

Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə analizlərin aparılması imkanları da təmin edilib. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən iki, su nümunələrinin daşınması üçün isə dörd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzlərində və kəndlərdə su nümunələrinin analizləri aparılır.

Bildirilib ki, laboratoriyada regionlarda yaradılacaq müasir laboratoriyalar üçün kadrların hazırlanması, eləcə də kimya, biologiya və ekologiya sahələri üzrə tələbələrə təlim və təcrübə kurslarının keçirilməsi üçün də lazımi şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “+ 110 qərb” su anbarının ərazisində salınacaq yeni parkın layihəsi ilə tanış olublar.


Teqlər:  





Xəbər lenti