İraqın Bakıdakı səfirliyindən kürdlərə xəbərdarlıq edildi

İraqın Bakıdakı səfirliyindən kürdlərə xəbərdarlıq edildi
  10 Oktyabr 2017    Oxunub:3853
"Dünya dövlətləri, beynəlxalq ictimaiyyət sentyabrın 25-də Kürdüstan muxtar vilayətində keçirilən qeyri-qanuni referendumu tanımayıb və İraqın ərazi bütövlüyünü dəstəkləyib"

AzVision.az xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Fadil Avad əl-Şüveyli jurnalistlərə açıqlamasında bildirib.
Səfirlik rəsmisi deyib ki, Kürdüstan ərazisində yerləşən neft yataqları İraq xalqının sərvətidir və İraq mərkəzi hakimiyyətinin bu yataqları qaytarmaq hüququ var.

"Həmçinin qeyd etmək istəyirəm ki, Kərkük vilayəti ərazi baxımından İraqa məxsusdur və Kürdüstanın muxtar vilayətinin ora iddia etmək üçün hüququ yoxdur. Kürdlərin öz aralarında da referenduma qarşı açıq-aydın parçalanma mövcuddur. Kürd xalqı İraq xalqının ayrılmaz hissəsidir və bildiyimiz kimi onlar bizim hökumətdə də təmsil olunurlar. Bu baxımdan onların atdığı addım düzgün deyil. İraq rəhbərliyinin bütün aeroportları, sərhəd keçid məntəqələri bağlamaq hüququ var. İraq bütün dünya dövlətləri adından İŞİD-lə mübarizə aparıb və ona qalib gəlib. Dünya dövlətləri bu mübarizədə onu dəstəkləyib" - Fadil Avad əl-Şüveyli deyib.

İraq rəsmisi diqqətə çatdırıb ki, kürdlər İraqda çox yüksək postlar tuturlar: "Məsələn İraqın prezidenti, baş nazirin müavinləri və səfirlər kürd xalqının nümayəndələridir və onların guya İraq hakimiyyətindən uzaq olmaları barədə iddialar həqiqəti əks etdirmir. İraq hökuməti ümid edir ki, Kürdüstan hökuməti referendumun nəticələrini ləğv edəcək və böhran dialoq yolu ilə öz həllini tapacaq".

Diplomat qeyd edib ki, İraq istənilən ölkənin ərazi bütövlüyünü, BMT çərçivəsində qəbul olunan qətnamələri dəstəkləyir.

"Separatçılıq meyilləri ölkələri zəiflədir. İraqda Ali Baş komandan kimi qərarları baş nazir verir. Əgər kürdlər referendumun nəticələri ləğv etməsələr, bütün sərhəd-keçid məntəqələri bağlana bilər. İraq hökuməti yalnız referendumun nəticələri ləğv olunduqdan sonra Kürdüstan muxtar vilayətinin rəhbərliyi ilə danışıqlara gedə bilər".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   Səfirlik   Referendum  





Xəbər lenti