ATƏT PA-nın sessiyasında erməni işğalından danışılıb
Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, deputat Tahir Mirkişili çıxışında ATƏT regionunda hazırda ən ciddi problemlərin qaçqınlar və münaqişələr olduğunu söyləyib. O, ölkələrin bu problemlərin həllində məsuliyyətli və səmimi olmasının zəruriliyini vurğulayıb. Deputat deyib: “Əgər Ermənistan 30 il bundan əvvəl məsuliyyətli olsaydı və Azərbaycanın ərazisini işğal etməsəydi, bu gün Azərbaycandakı 1 milyon qaçqın və məcburi köçkündən və Ermənistandakı 100 min qaçqından danışmazdıq”.
Tahir Mirkişili qaçqınlarla və onların taleyi ilə manipulyasıya edilməsinin yolverilməz olduğunu vurğulayaraq deyib: “Ermənistan nümayəndə heyətinin rəhbəri Suriyadan Ermənistana köçürülmüş 20 min qaçqından danışdı. Ancaq o demədi ki, Ermənistan rəhbərliyi niyə Suriyadan gələn qaçqınları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirib? Sizin onların gələcək taleyi ilə manipulyasiya etməyiniz yolverilməzdir”.
Çıxışının sonunda Tahir Mirkişili problemlərin həlli üçün həmin problemləri yaradan səbəblərin aradan qaldırılmasının zəruriliyini qeyd edib. “Əgər biz problemlərin həllini istəyiriksə, onda ölkələr işğala son qoymalı, bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər”.
AzVision.az
Teqlər: ATƏT Ermənistan İşğal