“Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ diqqətimizdədir” - Ombudsman
Bunu AzVision.az-a açıqmasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. Ombudsman qeyd edib ki, Şahbaz Quliyevlə bağlı məsələ araşdırılacaq.
Ombudsman Kəlbəcər girovlarının ailələri ilə bir neçə dəfə görüşdüyünü deyib: “Şahbaz Quliyevin ailəsinin narahatlığını başa düşürəm”.
Girovun qardaşı İlham Quliyevin sözlərinə görə, Ş.Quliyevin səhhətində ciddi problemlər var, o, bir aydan çoxdur İrəvan xəstəxanasında müalicə alır.
Xatırladaq ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib.
Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Ombudsman