Rüstəm İbrahimbəyov: “Məni namizəd olmağa məcbur etdilər”

  14 Sentyabr 2013    Oxunub : 595
Rüstəm İbrahimbəyov: “Məni namizəd olmağa məcbur etdilər”
“İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məni məcbur elədilər”.

AzVision.az xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov vahid namizədlik məsələsindən danışarkən deyib. O bildirib ki, Milli Şuranın yaradılması onun təşəbbüsü olub və o, hesab edib ki, rolu sədr olmaqdan ibarətdir: “Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim”.

R.İbrahimbəyov qeyd edib ki, o, vahid namizəd kimi Cəmil Həsənlini təklif etsə də Milli Şura üzvləri bununla razlaşmayıb: “Milli Şuraya çox partiyalar, təşkilatlar daxildi. Mən vahid namizədliyə üç-dörd adamın, onların sırasında da Cəmil Həsənlinin adını çəkdim. Lakin mənə dedilər ki, yox! Konkret deyə bilərəm ki, Rəsul Quliyev buna qarşı çıxdı. O, mənim namizədliyimin irəli sürülməsini dəstəkliyirdi. Deyirdi ki, Cəmil Həsənlinin şansı yoxdur. Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki, vahid namizəd mən olmalıyam”.

Milli Şura sədri vurğulayıb ki, vahid namizəd olmağa razılaşmağının səbəbi qurumda ayrı-seçkilik salmaq istəməməyi olub: “İsa Qəmbər də, digərləri də mənim namizədliyimi dəstəkləyirdilər. Əvvəldən məsələ belə qoyulmuşdu ki, Milli Şuranın prezidentliyə namizədi siyasətçi olmasın. Namizəd ziyalılardan biri olmalıdır. Məsələ belə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, Rafiq Əliyev və Mehman Əliyev. Bu dörd adamın adı çəkildi. Lalə Şövkət, Rəsul Quliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. O birilər də bununla razılaşdılar. Mən razılıq verməsəydim, həmin adamlar deyəcəkdilər ki, başqa adamın namizəd olmasına razı deyillər. İstəmirdim ki, Milli Şurada belə ayrı-seçkilik olsun və təfriqəli vəziyyət yaransın, məcbur oldum razılıq verəm”.

Onu da qeyd edək ki, Milli Şura sədri müsahibəsində Rusiya vətəndaşlığından çıxması ilə bağlı da danışıb. Belə ki, o, jurnalistin “Siz artıq namizəd deyilsiz. Yenə də vətəndaşlıqdan çıxmağı düşünürsünüzmü?” sualına belə cavab verib: “Əgər vahid namizəd deyiləmsə, seçkilərdə iştirak eləmirəmsə, bəlkə heç çıxmadım. Mən Rusiyada adi şəxs deyiləm. Bu ölkənin ictimai həyatında fəal şəxs kimi iştirak edirəm. Əgər vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimai həyatında iştirak edə bilməyəcəm. Burda müxtəlif ictimai təşkilatlar var. Mən onların tərkibindəyəm. Oktybarın 12-də Polşa-Rusiya Ziyalılar Forumunda iştirak edəcəm. İndi gözləyirəm ki, Azərbaycanda seçkilər baş tutsun. Sonra qərarımı verəcəm. Vətəndaşlığımdan çıxıb-çıxmayacağımla bağlı qərarım seçkilərin nəticəsindən asılı olacaq. Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarı verəcəm. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var”.

AzVision.az

Teqlər: