“İdmançıların problemləri ilə daim maraqlanıram” - Prezident

  29 Sentyabr 2017    Oxunub : 1305
“İdmançıların problemləri ilə daim maraqlanıram” - Prezident
“Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdik. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni, biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi və bu gün “Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır: “Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı keçirmişdir. “Bakı prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Yəni, idman ictimai həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq. Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.

Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib”.

İlham Əliyev deyib ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir: “Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib. İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək.

Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir. Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.

Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb”.

Dövlət başçsısı qeyd edib ki, bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir: “Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan - gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb. Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək. Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram”.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   MOK