MTN kursantları sədaqət andı içdilər

  14 Sentyabr 2013    Oxunub : 3669
 MTN kursantları sədaqət andı içdilər
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər.

Milli Təhlükəsizlik Nazirliyindən AzVision.az-a verilən məlumata görə, akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına Döyüş Bayrağı gətirilib və Dövlət Himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, bu andın Vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirib. Hərbi qulluqçu sona kimi andına sadiq qalmalı, Azərbaycan Respublikasına sədaqətlə xidmət edərək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi
qorumalıdır.

General-mayor İ.Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında və milliləşməsində, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılması və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. O, milli təhlükəsizlik naziri Eldar Mahmudovun tədrisə, gələcək təhlükəsizlik zabitlərinin hərtərəfli inkişafına, təhsilinə, həmçinin döyüş və fiziki hazırlığına gündəlik nəzarətini və bu məslələrin yüksək səviyyədə təşkili ilə əlaqədar tələbkarlığını qeyd edib.

Çıxış edən gənc kursant və tədbirdə iştirak edən valideynlər ümummilli liderin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsində təlim-tədris və hərbi-fiziki hazırlıq üçün yaradılmış yüksək şəraitdən razılıqlarını bildiriblər.

Tədbirin sonunda hərbi anda gətirilmiş gənc kursantlar orkestrin müşayiəti altında sıra addımları ilə tribuna önündən keçiblər.
Sonra tərtənəli mərasimin davamı olaraq təhsil müəssisəsinin akt zalında akademiyanın rəhbərliyi valideynlərlə görüşüb, kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən, həmçinin təhsillə bağlı qarşıda duran vəziflərdən danışmış, verilən sualları cavablandırıblar.

AzVision.az

Teqlər: