Uşaqlar üçün təhlükəli bağça -PROBLEM

Uşaqlar üçün təhlükəli bağça -PROBLEM
  14 Sentyabr 2013    Oxunub:2481
Goranboyun Qaradağlı kəndindəki uşaq bağçasının acınacaqlı vəziyyəti sakinləri çox narahat edir.
Kəndin düz girəcəyində yerləşən uşaq bağçasında indiyə kimi əsaslı təmir işləri aparılmayıb. Nəticədə iki mərtəbəli inzibati bina tamamilə yararsız hala düşüb. Belə vəziyyət isə kənddə yaşayan balacaları məktəbə qədər hazırlıqdan, təlim-tərbiyədən məhrum edib.

Bu barədə AzVision.az-a kənddə yaşayan sakinlər bildirib.

Üç nəvə sahibi Elmira nənə balacalardan heç birinin bağçaya getmədiyini söylədi. O, buna başlıca səbəb kimi bağçada şəraitin olmamasını göstərdi: “Ay bala, indi öyrənmək, elmli olmaq dövrüdür. Ona görə mən də istəyərdim ki, nəvələrimi bağçaya qoyum. Məktəbə gedənə kimi onlar bağçada yaxşı təlim-tərbiyə görsünlər. Çünki balaca vaxtı uşağa yaxşı baxsan, onun gələcəyi elə həmin təməl üzərində qurulacaq. Amma bunun üçün orada lazımi şərait yoxdur. Düzdür, bağçanın müdirəsi, eləcə də tərbiyəçiləri nəvələrimin ora getməsinə hər hansı çətinlik yaratmayıblar. Kənd yeridir, hamı bir-birini tanıyır, gərək düz danışam. Lakin iş ondadır ki, bağça tam təmirsizdir. Üstəlik, qışda bu bağçada uşaqların oturması da mümkün deyil. Şaxta adamı qılınc kimi kəsir. Məgər odun sobası ilə o boyda binanı qızdırmaqmı olar? Balacaların yatmağı, yemək-içməyi, oynamağı üçün də yaxşı şərait yoxdur. Əgər bunlar təmin olunsaydı, heç bir tərəddüd etmədən, sevinərək nəvələrimin əlindən tutub bağçaya aparardım. Nənə üçün bu sevinci yaşamaq böyük xoşbəxtlikdir”.

Elmira nənənin danışdıqlarını kəndin sakini Qabil Namazov da təsdiqlədi. O da nəvələrini bağçaya qoymadığını dedi. Qeyd etdi ki, oranın şəraitsizliyi, xüsusən də soyuqlar düşəndə tərbiyə müəssisəsindəki vəziyyətin acınacaqlı olması, tək onun nəvələrini deyil, eləcə də kənddəki əksər fidanları bağça üzünə həsrət qoyub. Onun sözlərinə görə, valideynlər uşaqlarının sağlamlığından ehtiyat edərək, məcburən belə bir addım atırlar:
“Bu kəndin yaşamaq üçün hər cür şəraiti var. Öz dolanışığımızdan narazı deyilik. Kəndin bol içməli suyu, əkinə yararlı torpağı var, qaz və elektrik də fasiləsiz verilir. Sağ olsunlar, ötən il orta məktəbi əla təmir ediblər. Ancaq orda da istilik sistemi, qazanxana quraşdırılmayıb. Məktəb yenə də odun peçinin ümidinə qalıb. Uşaq bağçasının da təmir edilib müasir tələblərə cavab verən səviyyəyə çatdırılması vacibdir. Kəndə qaz verildiyi üçün həmin bağçada müasir istilik sistemi də qurmaq olar. İstəyimiz budur ki, uşaqlarımızın təlim-tərbiyəsi üçün yaxşı şərait yaradılsın”.

Kənddə olarkən bağçaya gedib oradakı şəraitlə yaxından tanış olduq, həm də bu təhsil müəssisəsinin müdirəsi ilə görüşüb söhbətləşdik. Uşaq bağçasının müdirəsi Xatirə Musayeva dedi ki, onların yerləşdiyi inzibati bina 1985-ci ildə istismara verilib. O, həmin vaxtdan bu günə kimi binada əsaslı təmir aparılmasa da, imkan daxilində hər il kosmetik işlər görüldüyünü diqqətə çatdırdı: “Sovetlər birliyi dövründə tikilən bina o zamankı tələbata cavab verirdi. Lakin ölkəmiz müstəqillik qazanıb inkişafa qədəm qoyandan sonra, təbii ki, bu tərbiyə müəssisəsinin şəraiti müasir standartlardan fərqlənməyə başladı. Üstəlik, bizim bağçanın bir problemi də bu binada məcburi köçkünlərin yerləşdirilməsi idi. 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra 10-a yaxın məcburi köçkün ailəsi buraya gəldi. Bağçanın binası şərti olaraq iki hissəyə ayrıldı. Bir hissəsində həmin ailələr yerləşdirildi. Bu da bizim fəaliyyətimizə təsirsiz ötüşmədi. Bütövlükdə bağça 1 mətbəxin, 2 yataq, 1 oyun və 1 yemək otağının ümidinə qaldı. Darısqallıq, şəraitsizlik zaman-zaman burada uşaqların azalmasına səbəb oldu. Hazırda bağçadakı böyük və kiçik qruplarda onlarla uşaq təlim-tərbiyə alır”.

X.Musayeva ötən ilin əvvəllərində məcburi köçkünlərin bağçanın binasını boşaltdıqlarını da əlavə etdi. Dedi ki, Goranboy rayonunun ərazisində məcburi köçkünlər üçün yeni yaşayış qəsəbəsi salınıb. Onun sözlərinə görə, bağçada məskunlaşan 10-a yaxın kəlbəcərli ailə də həmin qəsəbədə fərdi evlərlə təmin olunublar.

Bağçada işləyən iki tərbiyəçi xanımla da uşaqların əhatəsində, dərs keçdikləri zaman görüşdük. Tərbiyəçilər Tamam Həsənova və Xəyalə Məmmədova bağçadakı şəraitsizliyə rəğmən, balacalara həvəslə Azərbaycan bayrağını, onun üzərindəki rənglərin, ay-ulduzun mənasını izah edir, rəngli “kubiklərlə” müxtəlif fiqurlar düzəltməyi öyrədirdilər. Söhbət əsnasında onlar da bağçadakı şəraitsizlikdən gileyləndilər. Bildirdilər ki, bağçanın həyətyanı sahəsində uşaqların oynaması üçün əyləncə vasitələri də yoxdur. Amma buna baxmayaraq, tərbiyəçilər öz peşələrinə dərin hisslərlə bağlı olduqlarını vurğuladılar.

Mövzu ilə bağlı Qaradağlı kənd icra nümayəndəsi Əli Əliyevin də fikirlərini öyrənməyi vacib saydıq. O, uşaq bağçasındakı vəziyyətlə tanış olduğunu, yaxın vaxtlarda orada əsaslı təmir işlərinə başlanacağını qeyd etdi: “Ötən il məcburi köçkünlər bağçadan gedəndən sonra may ayından başlayaraq orada əsaslı təmir işlərinə başlanacağını bildirdilər. Bu xəbərdən, inanın ki, uşaqlarla yanaşı, ən çox sevinən biz valideynlər olduq. Rayon mərkəzindən gəlib burada müəyyən müşahidələr apardılar. Ölçüb-biçib, bağçanın ərazisini müəyyən etdilər, otaqların sayını təkrar qeydə aldılar. Müvafiq sənədlər də hazırlandı. Yəqin ki, bağçanın təmiri üçün vəsait ayrılandan sonra burada işə başlanılacaq. Bütün kənd sakinləri kimi mən də həmin günü səbirsizliklə gözləyirəm”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti