Elşad İskəndərov İrana gedib

  14 Sentyabr 2013    Oxunub : 494
Elşad İskəndərov İrana gedib
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun İran İslam Respublikasının İrşad nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirəsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

E.İskəndərovun səfər çərçivəsində İran İslam Respublikasının mədəniyyət və irşad naziri Əli Cənnəti, xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulub.

AzVision.az

Teqlər: