Sizdə 1 manat olmaz?

Sizdə 1 manat olmaz?
  14 Sentyabr 2013    Oxunub:1226
Etibar Hüseynov

Biz hələ bir neçə ay əvvəl demişdik ki, Milli Şura lətifə mənbəyindən başqa bir şey olmayacaq. Belə də oldu. Burada səslənən hər bir fikir, irəli sürülən hər bir təklif günün lətifə mövzusuna çevrilirdi.
Məsələn, Rüstəm İbrahimbəyovun təklifilə 1 manat aksiyası keçirirlər ki, camaatdan 1 manat yığıb, Cəmil Həsənliyə seçki kampaniyası aparsınlar. Əslində bu, əsl dilənçilik və özünüifşadı. Əvvəla məlum oldu ki, sən demə, 68 təşkilatın cəmləşdiyi Milli Şuranın pulu yox imiş. Guya. Əslindəsə pulları var, sadəcə, olaraq, bunlar hərif-zaddılar ki, öz paralarını lazımsız yerə xərcləsinlər!? Ona görə də, xalqa üz tuturlar. Digər tərəfdən də, nümayiş etdirdilər ki, bəs sən demə, 1 qara qəpik yiyəsi deyillərmiş. Onda sual olunur: əgər siz indiyə qədər özünüzə bir gün ağlaya bilməyibsinizsə, bu xalqa nə gün ağlayacaqsınız?

Digər bir sualsa ondan ibarətdir ki, əgər seçki kampaniyası aparmağa pulunuz yoxdursa, bəs əvvəlki seçkilərdə mitinqlərin keçirilməsinə və digər kampaniyalara milyonlarca vəsaiti haradan alırdınız? Bax, burada xoruzun əsl quyruğu görünür. Deməli, əvvəlki illərdə xarici ağalarınız para ayırırdı, amma artıq sizlərin fərasət və qabiliyyətinizə bələd olduqlarından, bu seçkidə 1 qara qəpik də ayırmayıblar. Maliyyə bir tərəfə, ən ciddi xarici təşkilatlar bu seçkiyə heç müşahidəçi göndərməyə belə lüzum görmədilər. Çünki avropalılar da çörəyi qulaqlarına yemirlər. Onlar ölkə müxalifətinin xalq arasında hansı reytinq və nüfuza malik olmalarını yaxşı bilirlər. Ac və pulsuz müxalifətsə qılınca çarpır. Düşərgə daxilində qarşılıqlı ittihamlar, söyüş və təhqirlər baş alıb gedir. Bir qədər kobud desək, hərə bir zurna çalır. Məsələn, Rəsul Quliyev özünəməxsus müdrikliklə qeyd edir ki, bəs Cəmil Həsənlini dəstəkləyir. Amma Həsənlinin heç bir şansı yoxdur və o, 0.2 faiz də səs yığa bilməyəcək.

Eldar Namazov və komandası bəyanat verir ki, onlar Cəmil Həsənlini deyil, tamam başqa namizədi dəstəkləyəcəklər. Lalə Şövkət yenə də küsərək, Milli Şuradan gedir və s. Bütün bunları işıqlandıran “Yeni Musavat” qəzeti və onun sahibi Rauf Arifoğlu isə satqınlıqda və xəyanətdə suçlandırılır. Arifoğlu da dinc durmur. O, Rəsul Quliyevi, Eldar Namazovu və Lalə Şövkətin haqqında deyir ki, “əvvəl iqtidarı zibilləyirdilər, indi də müxalifət düşərgəsini zibilxanaya çeviriblər”. Əvəzində qarşı tərəf də onun satqın və əclaf olması barədə cavablar verir. Bu söyüş və qarğış yağışında xanım Lalə Şövkətin cavabı daha çox diqqəti cəlb elədi: “Bəli, mən Heydər Əliyevin komandasında olmuşam. Bu, həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu, tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb”.

Və sonda. Əli Kərimlinin qəzetlərindən birindəki bir yazı diqqətimi cəlb etdi. Müxbir oxuculara üz tutaraq, “toyuna getdiyiniz və toya çağırdığınız adamların ayağına gedib, indi də seçkiyə çağırın”,- deyə müraciət edir. Gülməlidir, deyilmi? Amma gecdir, cənablar. Nəinki toyuna getdiyiniz, hətta vayına getdikləriniz belə, indən belə dirilib, seçkilərə gedib, sizlərə səs verəsi olsa da, xeyri yoxdur. Artıq qatar getdi. Odur ki, 2018-ə hazırlaşın.




Teqlər:  





Xəbər lenti