Mikayıl Cabbarovun müavini ilk imzasını atdı

Mikayıl Cabbarovun müavini ilk imzasını atdı
  14 Sentyabr 2013    Oxunub:1224
Azərbaycan Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, ikitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanıb. Sənədə təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imza atıblar.

Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.

İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcək. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaq. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcək. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcək.

Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcək.

Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti