Zəminə Dünyamalıyeva :`Milli Şurada güc yoxdur`

Zəminə Dünyamalıyeva :`Milli Şurada güc yoxdur`
  13 Sentyabr 2013    Oxunub:1587
“İctimai qınaq olmasaydı, Rəsul Quliyev və ACP Milli Şuranı çoxdan tərk edərdi”

“Rəsul Quliyevin Milli Şuranın ünvanına səsləndirdiyi tənqidi fikirlər tam doğrudur. Çünki Rəsul Quliyev öz fikirlərini əsaslandıraraq deyir”.

Bunu Milli Şuranın (MŞ) üzvü, Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva təmsil etdiyi partiyanın lideri Rəsul Quliyevin Milli Şuraya qarşı sərt ittihamlarına münasibət bildirərkən deyib.

Z. Dünyamalıyeva ACP liderinin Milli Şura ilə bağlı tənqidi fikirlərində haqlı olduğunu vurğulayıb. O, bəzi MŞ üzvlərinin Rəsul Quliyevin bu qurumdan çıxarılması tələbinə də münasibət bildirib: “Rəsul Quliyev dəfələrlə qeyd edib ki, onu Milli Şuradan çıxarsaydılar, bunu sevinclə qarşılayardı. Rəsul Quliyev və ACP cəmiyyətin qınağına çevrilməmək səbəbindən Milli Şurada təmsil olunur. Yoxsa Cəmi Həsənlinin namizədliyi irəli sürülən gündən ACP Milli Şuranı tərk etmiş olardı. Rəsul Quliyev bununla bağlı bildirdi ki, Cəmil Həsənlinin ehtiyat vahid namizəd seçildiyi gündən Milli Şuradan hansısa uğur gözləmək absurddur”.

Z. Dünyamalıyeva qeyd edib ki, hazırda Milli Şura adlı qurum yoxdur: “Çünki Milli Şura əvvəldən formalaşdığı kimi hərəkət etmədi. Onun istiqamətini tamamilə dəyişdilər, özəl şirkət kimi bir şeyə çevirdilər. Mili Şura ona görə yaranmışdı ki, Azərbaycanda hakimiyyətə alternativ namizəd irəli sürsün və seçkilərdə qalib gəlsin. Sözdə demək çox asandı, amma bunu icra etmək üçün çox böyük iş görmək lazım idi. Lakin Milli Şura bunu bacarmadı. Gördüyü işlərin hamısını yaxşıya yox, pisə doğru apardı. Hazırda Milli Şurada heç bir güc qalmayıb. Bu nöqteyi-nəzərdən demək olar ki, bu gün Milli Şura adlı qurum artıq yoxdur”.(apa)


Teqlər:





Xəbər lenti