Deputat həmkarlarını şər qüvvələrə qarşı mübarizəyə çağırdı

Deputat həmkarlarını şər qüvvələrə qarşı mübarizəyə çağırdı
  19 Sentyabr 2017    Oxunub:1441
Bu gün Milli Məclisinin Regional məsələlər komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, komitə sədri Arif Rəhimzadə 2017-ci ilin sessiyaları dövründə görülən işlər barədə hesabat verib.

Komitə sədri bildirib ki, bu müddət ərzində 8 iclas keçirib, bu iclaslarda 12 məsələ müzakirə olunub. Sonra Regional məsələlər komitəsinin payız sessiyası üçün iş planı layihəsi haqqında məlumat verilib.

Daha sonra komitə üzvləri çıxış edib. Millət vəkili Tahir Rzayev bildirib ki, 2018-ci ildə prezident seçkiləri keçiriləcək. Deputat qeyd edib ki, bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır:

“Bu, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir. 2018-ci ildə keçiriləcək seçkilərlə bağlı qarayaxma kampaniyası aparan qüvvələrlə mübarizə aparmalıyıq. Biz deputat olaraq nəinki qanunvercilik aktlarının hazırlanmasında, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etməliyik. Bu təbliğat vasitəsində bələdiyyələrin də rolu ola bilər. Biz ölkədə gedən inkişafı sürətləndirməliyik”.

Millət vəkili Fəzail İbrahimli qanunların icrasının vacibliyindən danışıb. O, bildirib ki, Milli Məclis qanunları müzakirə edir, qəbul edir, bunlar icra olunmursa, heç bir faydası olmur.

F.İbrahimli qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, hər kəs bu müstəqilliyi qorumalıdır: “Sağdan, soldan, Qərbdən, Şərqdən təhdidlər ola bilər. Biz bütün bunlara görə birlikdə olmalıyıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti