Ərəblər Azərbaycanı tərk edirlər

Ərəblər Azərbaycanı tərk edirlər
  18 Sentyabr 2017    Oxunub:3382
“Ötən illə müqayisədə bu il yay fəslində ölkəmizə gələn turistlərin sayında 20-25 faiz artım müşahidə edilib”.

Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. O bildirib ki, Rusiya və ərəb ölkələrindən gələn turistlərin sayında nəzərə çarpacaq dərəcədə artım var.
“Bakı şəhərində yerləşən otellərin hamısı dolu idi və turistlər yer tapmaqda çətinlik çəkirdilər. Ölkəmizə gələn turistlər üçün infrastrukturumuz, tariximiz, mədəniyyətimiz, gözəl mətbəximiz var. Öz ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin ucuz olması turistləri cəlb edir. Təəssüflər olsun ki, bəzi restoran sahibləri ərəb turistlərin gəlməyindən istifadə edərək fantastik qiymətlər tətbiq edirlər. Onlar trendi saxlamaq əvəzinə qiymətləri artırıb turistləri uzaqlaşdırırlar”.

N. Bağırov qeyd edib ki, turistləri ölkəmizə cəlb edən xüsusiyyətlərdən biri isə hava limanında vizanın asan əldə edilməsidir. “Həmçinin ölkəmizə birbaşa uçuşların olması, Azərbaycana rahat gəlişin təmin edilməsi də turistləri cəlb edir. Hazırda yay mövsümü bitir və turistlərin sayında gözlənildiyi kimi azalma var. Xüsusən ərəb turistlərin sayında 50-60 faiz azalma müşahidə edilir. Bu, təkcə Bakı üçün deyil, bütün dünyada belədir. Mövsüm bitdikdən sonra hər kəs evinə qayıdır, dərslər başlayır. Ölkəmizə turistlər bir də Yeni il ərəfəsində gələcək. Lakin bu sayda turist yalnız gələn ilin yayında gözlənilir”.

Turistlər üçün "qara siyahı"nın (black list) tətbiqinə başlanıldığını deyən N.Bağırov qeyd edib ki, artıq bir neçə turist və turizm şirkətlərinin adları həmin siyahıya əlavə edilib.

“Bu siyahı informasiya xarakteri daşıyır. Bizim üzvümüz siyahıya baxanda ora düşən şəxs və ya hüquqi şəxs haqqında məlumatı əldə edəcək. "Qara siyahı"ya düşən fiziki şəxslər yerli vətəndaşlarımızdır ki, hansı ki, turizm şirkətlərini aldadıb, ödənişi etməyiblər, problem yaradırlar. Dələduzluq faktları aşkar edilən turizm şirkətləri də artıq həmin siyahıya əlavə edilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti