Bakıda beynəlxalq tədbir keçirilir
Tədbirdə Azərbaycan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Komissiyanın sədri, Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, RRB-nin Baş direktoru Nuriddin Muhiddinov və BTİ-nin regional ofisinin rəhbəri Kiril Oparin iştirak ediblər.
Avqustun 29-da keçirilmiş İşçi qrupun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Minkin Vladimir Markoviç rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən Konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, Konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunmuşdur.
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı müzakirə edilmişdir.
Adları qeyd olunan tədbirlər rabitə sahəsində beynəlxalq tənzimləmənin həyata keçirilməsi, BTİ-nin növbəti 4 il müddətinə fəaliyyətinin təşkili, rəhbər vəzifələrə, BTİ-nin ali idarəetmə orqanı olan Şuraya seçkilər baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan BTİ-nin Şurasının üzvü olaraq bu tədbirlərdə, qərarların qəbulunda fəal iştirak edir və beynəlxalq əməkdaşlığa öz tövhəsini verir. Azərbaycan Buenos-Ayresda keçiriləcək konfransa qatılacaq və 2018-ci ildə keçiriləcək seçkilərdə də Şuraya təkrar üzv seçilmək üçün namizədliyini irəli sürəcəkdir.
Avqustun 30-da Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın 33-cü iclası keçirilmişdir. Elmir Vəlizadə tədbir iştirakçılarını salamlamış, gündəlikdəki məsələlər üzrə ölkəmizin münasibətini və mövqeyini bildirmişdir.
Komissiyanın iclasında İşçi qrupda hazırlanmış sənəd layihələri müzakirə edilmiş və qərarlar qəbul edilmişdir.
AzVision.az
Teqlər: NRYTN