Məzahir Pənahov AŞPA-nın nümayəndə heyəti ilə görüşüb

Məzahir Pənahov AŞPA-nın nümayəndə heyəti ilə görüşüb
  12 Sentyabr 2013    Oxunub:1093
Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olublar.
AzVision.az xəbər verir ki, sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Komitəsinin oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə missiyasının rəhbəri Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahov ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, MSK-nın sədri AŞPA müşahidəçilərinin qarşıdan gələn parlament seçkilərində müşahidəçilik missiyasını həyata keçirəcəklərindən məmnun olduğunu qeyd edib.

Missiyanın rəhbəri seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını deyib.

Nümayəndə heyətinin rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanıb.

Sədr qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Vətəndaşların seçki hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov ölkədəki seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi üçün bütün qanuni addımların atıldığını diqqətə çatdırıb. O bildirmişdir ki, şəffaflığın təmin edilməsi məqsədi ilə müşahidəçilik üçün quruma müraciət edən şəxslərin hamısına müsbət cavab verilir. Komissiya sədri bildirib ki, ötən seçkilərin təcrübəsinə əsaslanaraq qarşıdan gələn seçkiləri on minlərlə müşahidəçinin izləyəcəyini ehtimal etmək olar.

Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın həyata keçirdiyi irimiqyaslı maarifləndirmə proqramı haqqında da ətraflı məlumat verib.

Missiyanın üzvləri ətraflı məlumata görə Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirib və qarşıdan gələn seçkilər ərəfəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


Teqlər:





Xəbər lenti