Putin Xaçmazdakı iki kəndi köçürmək üçün vaxt verdi

Putin Xaçmazdakı iki kəndi köçürmək üçün vaxt verdi
  11 Sentyabr 2013    Oxunub:1060
Azərbaycan tərəfi bu kəndlərin Rusiya pasportu daşıyan sakinləri qarşısında şərt qoyub.
AzVision.az virtualaz-a istinadən xəbər verir ki, Xaçmaz rayonunun ərazisində yerləşən və son vaxtlara qədər anklav Rusiya ərazisi hesab olunan iki ləzgi kəndinin Dağıstana köçürülməsi və məskunlaşma məsələsinin həlli üçün oktyabrın 1-nədək vaxt verilib. Rusiya qaynaqlarının yazdığına görə, bu barədə prezident Vladimir Putinin maliyyə nazirinə, Şimali Qafqaz federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsinə və regional inkişaf nazirinə verdiyi yazılı göstərişdə deyilir.

Göstərilən müddətə qədər həmin kəndlərin hələ də Dağıstana köçürülməyən sakinlərinin köçürülməsi, əmlaklarının daşınması və Dağıstanın Məhərrəmkənd rayonunda onlar üçün ayrılmış ərazidə yeni kəndlərin salınmasına başlanılması həllini tapmalıdır. Xraxoba və Uryanoba kəndləri Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair 2010-cu ildə imzlanmış müqavilə əsasında Azərbaycanın tərkibinə verilib.

Azərbaycan tərəfi bu kəndlərin Rusiya pasportu daşıyan sakinləri qarşısında şərt qoyub: ya Rusiya vətəndaşlığından imtina edərək
Azərbaycan vətəndaşlığını qəbul etmək və beləliklə də kəndlərdə yaşamağı davam etdirmək, ya da Rusiya ərazisinə köçmək. Xraxoba və Uryanoba sakinləri ikinci variantı seçiblər və o vaxtdan da onların problemi başlayıb. Sakinlərin bir hissəsi Dağıstana köçsə də orada yeni ev və torpaq sahələri ilə təmin olunmayıblar. Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti bu kəndlərin sakinlərinin problemindən Azərbaycana qarşı fəaliyyətində istifadə edib.

Təşkilatın rəhbəri Arif Kərimov isə bir neçə ay əvvəl prezident V.Putinlə görüşündə məsələni qaldırmışdı və sakinlərin probleminin həllini xahiş etmişdi. Putinin sərəncamına əsasən iki kəndin Dağıstanda yenidən məskunlaşdırılması üçün 908 milyon rubl vəsait ayrılır. Bu vəsait federal büdcədən dotasiya şəklində Dağıstana ayrılacaq.



Teqlər:  





Xəbər lenti