"Yerində Tarix" ekoturçuları Hacıkənddə

"Yerində Tarix" ekoturçuları Hacıkənddə
  07 Avqust 2017    Oxunub:2063
“Yerində tarix” adlı ekotur iştirakçıları Gəncə şəhərinin Hacıkənd qəsəbəsinə səfər ediblər.
AzVision.az-ın məlumatına görə, layihə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.

Ekoturda iştirak edən 140 nəfərə yaxın fəal gənc qəsəbədəki tarixi abidələrlə yaxından tanış olublar.

Ekoturun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanışlıqdır. Ekotur iştirakçıları Gəncənin Hacıkənd qəsəbəsində yerləşən XIX əsrin yadigarı olan 4 tarixi abidə - Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus pravoslav kilsəsi ilə yaxından tanış olublar.

Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ekotur iştirakçılarına məlumat verib ki, şəhərin 19 kilometrliyində yerləşən, saf iqlimi, bulaq suları, zəngin meşələri ilə bütün Qafqazda şöhrət qazanmış Hacıkənd gəncəlilərin əsas yaylaq yerlərindəndir. Göygöl-Hacıkənd bölgəsinin səfalı təbiətinə bələd olanlar bu yerlərə böyük həvəslə gəlirlər. Hazırda Hacıkənd qəsəbəsinin abadlaşması, tarixi binalarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Ərazidə yeni park salınır, turizmin inkişafı məqsədi ilə otel kompleksi inşa olunur.

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə ekotur iştirakçılarına Hacıkənd qəsəbəsinin tarixi-coğrafi şəraiti, iqlim və relyef xüsusiyyətləri, eləcə də ərazinin tarixi və burada yerləşən abidələr haqqında ətraflı məlumat verib.

Universitetin rektoru, professor Yusif Yusibov ekotur iştirakçılarını rəhbəri olduğu ali təhsil ocağının tarixi, maddi texniki bazası, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı, mübadilə proqramları haqqında məlumatlandırıb və tələbələrin suallarını cavablandırıb.

Tarixi məkanlarla tanışlıqdan sonra ekotur iştirakçıları üçün açıq havada mədəni-kütləvi idman proqramları və müxtəlif oyunlar təşkil olunub. Gənclər üçün motivasiya xarakterli təlimlər keçirilib.

Ekotur iştirakçısı olan gənclər vurğulayıblar ki, tarixi abidələrlə tanışlıq onların Gəncə ilə bağlı biliklərini daha da zənginləşdirib. Təşkilatçılara təşəkkürlərini bildirən gənclər ekoturun onlar üçün faydalı olduğunu və ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasına xidmət etdiyini bildiriblər.

AzVision.az


Teqlər: Hacıkənd   Gəncə  





Xəbər lenti