Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dərs keçiriləcək
  05 Avqust 2017    Oxunub:8157
Cocuq Mərcanlı kənd orta məktəbi sentyabrın 15-dən 44 şagird və 14 müəllimlə fəaliyyətə başlamağa tam hazırdır.
Bunu AzVision.az-a Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova deyib. Şöbə müdirinin bildirdiyinə görə, müəllimlərin 8-i Cocuq Mərcanlıda yeni salınan qəsəbəyə köçən və indiyə qədər heç bir yerdə işləməyən şəxslərdir.

"8 nəfərin şəxsi işləri nəzarətə götürülüb. Onlar Təhsil Nazirliyində işə qəbul imtahanından keçiblər. Minimum balı keçənlər işə qəbul olunacaq. Minumum bal toplamayanlar isə müddətli müqavilələrlə işə götürüləcək. 4 müəllim - tarix, fizika, ingilis dili müəllimi və psixoloq bizim öz müəllimlərimizdir. Cocuq Mərcanlıya köçdükləri üçün Təhsil Nazirliyi tərəfindən onların yerdəyişməsi aparılıb. Kənddə kimya müəllimi yoxdur. Füzülinin Qazaxlar kəndindən bir müəllim gəlib, saat hesabı dərs deyəcək. Məktəbə gələcək 44 şagird bundan əvvəl oxuduqları yerlərdən arayış alıblar. Bircə məktəbin yerdəyişməsi ilə bağlı əmrin verilməsi qalır. Məlumdur ki, bu məktəb Bakı şəhərində 116 saylı orta məktəbin nəzdində fəaliyyət göstərirdi. İndi köçürülmə ilə bağlı əmr verilməlidir".

V.Həsəbova bildirib ki, məktəb avqustun 25-dən işə başlayacaq: "Məktəb sentyabrın 15-də açılacaq. Məktəbin hazırkı dirketoru Nuriyə Ağayevadır. O, Cocuq Mərcanlıya getmədiyi üçün yerinin dəyişdirilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Yəqin ki, Cocuq Mərcanlıda yaşayan müəllimlərdən birini Təhsil Nazirliyi direktor təyin edəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Məktəb  





Xəbər lenti