ABŞ-Rusiya münasibətlərinin qızmar yayı: Hərarət təhlükəli həddə çatıb – ŞƏRH

18:13   01 Avqust 2017    Oxunub: 2539
ABŞ-Rusiya münasibətlərinin qızmar yayı: Hərarət təhlükəli həddə çatıb – ŞƏRH

ABŞ-Rusiya münasibətlərindəki gərginlik yeni mərhələyə qədəm qoymaqdadır. ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləmək ərəfəsindədir. Belə bir sensasion bəyanatı Tbilisidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens səsləndirib.

“Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə sənədi imzalayıb. Biz onların ləğv olunmasını istəyirik, lakin bu, yalnız Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra mümkündür. Təəssüflər olsun ki, Rusiyanın son diplomatik addımları bunun əksini göstərir”, - deyə ABŞ-ın vitse-prezidenti jurnalistlərə açıqlamasında bəyan edib. Bundan başqa, “Wall Street Journal”ın yazdığına görə, Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların çatdırılmasını nəzərdə tutan plan hazırlayıb. Bu isə o deməkdir ki, Ukrayna Rusiyaya qarşı ABŞ tərəfindən silahlandırılır. ABŞ-Rusiya münasibətlərinin belə gərgin mərhələyə qədəm qoyması nə vəd edir?



Siyasi ekspert Sahil İsgəndərov AzVision.az-a deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların arxasında daha çox geosiyasi məqamlar dayanır: “2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında qlobal miqyasda birqütblü dünya siyasətinin iflasa uğradığını bəyan etdi. Bununla da Rusiyanın heç olmasa ikinci fövqəldövləti kimi formalaşmasına istiqamətlənmiş siyasət aparacağı hamıya bəlli oldu. Rusiya-ABŞ münasibətlərində bu və ya digər şəkildə qarşıdurmanın yaranacağı və getdikcə kəskinləşəcəyi, bu münasibətlərin istər Yaxın Şərqdə, istər postsovet məkanında, istərsə də Arktikada olacağı heç kimdə şübhə doğurmur. Çünki son 25 ilə yaxın müddət ərzində dünyanın yeganə fövqəlgücü ABŞ özünə rəqibin yaranmaması üçün əlindən gələni edir. Ukrayna hadisələri, Yaxın Şərqdə, xüsusilə Suriyada Rusiyanın dirəniş gətirməsi, bir çox məsələlərdə ABŞ-ın geosiyasi maraqlarına zərbə vurması bu sanksiyaların tətbiqinin kökündə dayanan məqamlardır”.



Siyasi ekspert vurğulayıb ki, ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ABŞ-Rusiya qarşıdurması hər zaman gündəmdə olacaq: “Rəsmi Moskvada belə düşünürdülər ki, insan hüquqları müstəvisində siyasət aparan demokratlardan fərqli olaraq, ABŞ-da hakimiyyətə gələn Trampla dil tapmaq, münasibətləri yumuşaltmaq mümkündür. Trampın özü seçkiqabağı kampaniyasında bəyan edirdi ki, Rusiya ilə münasibətlərin yumuşaldılması xarici siyasətinin əsas tərkib hissəsi olacaq. Amma, məsələ burasındadır ki, ABŞ-da Trampın özünə qarşı çox güclü bir müxalifət var. Çox maraqlıdır ki, bu yalnız Demokratlar partiyası tərəfindən deyil, təmsilçisi olduğu Respublikaçılar partiyası tərəfindən də edilir. Bir çox siyasi analitiklər hesab edir ki, artıq ABŞ-da daxili siyasi qarşıdurma beynəlxalq müstəviyə çıxarılır və iştirakçı qüvvələr beynəlxalq münasibətlər sistemində bu qarşıdurmanın girovuna çevrilirlər. Geosiyasət olan yerdə söhbət heç bir tərəf müqabilinin bir-birinə simpatiyasından, antipatiyasından yox, dövlətlərin siyasi və geosiyasi maraqlarından gedir. Ona görə də Tramp bu məsələdə Konqresdəki güclü müxalifətə qarşı gedə bilməz. Çünki, bunun ardınca onun impiçiment məsələsi ortaya çıxa bilər”.



Siyasi ekspert hesab edir ki, Rusiya hakimiyyəti özünü nə qədər güclü göstərməyə çalışsa da, bu sanksiyalar onun iqtisadiyyatına və nüfuzuna ciddi zərbə vuracaq. Burada ziddiyətli məqam hansısa bir dünya şirkətinin də bu sanksiyalardan zərər görməsidir: “Avropanın bir sıra dövlətləri, o cümlədən Almaniya və Avstriya bəyan etdi ki, bu sanksiyalar birbaşa onların şirkətlərinin iqtisadi maraqlarına toxunarsa, cavab addımları atılacaq. Rəsmi Moskvanın əsas gözləntisi budur ki, bu məsələyə görə Qərbin vahid cəbhəsində çat yaransın. Bu baxımdan ABŞ və Aİ arasında konsensusun nə dərəcədə əldə olunacağı şübhə doğurur. Hərçənd, hesab edirəm ki, Avropa dövlətlərinin bəyanatlarına baxmayaraq Brüssel ABŞ-ın istəklərinə boyun əyəcək”.



Ukraynanın silahlandırılması ilə bağlı S.İsgəndərov bildirib ki, bu, post-sovet məkanında Rusiyaya endirilən ən böyük zərbədir: “Krımı ilhaq etməsi, separatçıları dəstəkləməsi Rusiyaya əlavə problemlər yaradıb. ABŞ Ukraynada elə bir gediş etdi ki, Rusiya nə irəli gedə, nə də geri çəkilə bilir. Çünki, hər iki halda problemlə qarşılaşır. Ancaq, Ukraynaın da özünü qorumasına ehtiyac var. Ona görə də ABŞ ona artıq öldürücü silahlar vermək qərarına gəlib. Bu isə yaxşı heç nə vəd etmir”. Siyasi ekspert vurğulayıb ki, NATO-nun qapılarının Gürcüstana açıq olmasının özü də böyük çağırışdır: “Bu, bir daha göstərir ki, bütün qarşıdurmalara baxmayaraq, Qərb Ukraynaın və Gürcüstanın NATO-ya daxil olması məsələsini gündəmdə saxlayır. Belə görünür ki, ABŞ Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir məqamda bu məsələnin sonuna qədər getməkdə qərarlıdır”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, ABŞ-Rusiya münasibətləri getdikcə soyuyacaq: “Tramp Rusiyaya qarşı sənədi imzalamaq məcburiyyətində qalacaq. Çünki, əks halda Trampın impiçiment məsələsi gündəmə gələ bilər. Təsadüfi deyil ki, artıq ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya və Gürcüstanda olub. Düşünürəm ki, Rusiya ABŞ-la yanaşı bu ölkələrə də təzyiqini artırmağa çalışacaq. ABŞ isə əksinə, bu ölkələrə dəstəyini artıracaq”. Politoloq qeyd edib ki, əsas məsələ yenə də Ukrayna olaraq qalacaq: “Yenidən ABŞ-ın Ukraynaya silah satması məsələsi gündəmə gəlib. Bu vəziyyətdə Donbasda vəziyyət yenidən gərginləşə bilər. Çünki, son zamanlar Donbas separatçıları yenidən “Malarusiya” mövzusunu gündəmə gətirirlər. Yəni, təkcə Ukraynaın mərkəzinə doğru separatizm irəliləməlidir. Bu da hiss olunur ki, Moskvadan idarə olunur. Ona görə də yaxın gələcəkdə Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi maraq toqquşması yaşana bilər”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: ABŞ   Rusiya    




Rubrikanın digər yazıları