Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edib
  07 Sentyabr 2013    Oxunub:1054
İqtisadi inkişaf naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu sentyabrın 7-də Xızı şəhərində keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən AzVision.az-a məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda nazir Şahin Mustafayev Sumqayıt, Abşeron, Xızı, Şuşa, Qubadlı və Zəngilandan olan vətəndaşların müraciət və təkliflərini dinləyib.

İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşların bir sıra məsələlər üzrə müraciətləri yerindəcə həll edilib. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Ümumiyyətlə, qəbulda 40-a yaxın vətəndaş iştirak edib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və xidmət sahələrinin yaradılması, kənd yollarının tikintisi, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda olan sahibkarlarla quşçuluq, heyvandarlıq, toxumçuluq təsərrüfatının genişləndirilməsi, istixanaların yaradılması, yeni texnologiyalara əsaslanan mebel istehsalı, turizm-sanatoriya sahələri üzrə layihələr müzakirə edilib və investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Xızıda vətəndaşları qəbul edəcəyi barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılıb. Belə ki, qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib, İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi yaradılıb və bu bölmə vasitəsilə də vətəndaşların müraciətləri qeydiyyata alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti