Rezidenturaya 1297 nəfər sənəd verib

Rezidenturaya 1297 nəfər sənəd verib
  06 Sentyabr 2013    Oxunub:996
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 9-u və 10-da rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə bu gün keçirilən tədbirdə TQDK-nın şöbə müdiri Natiq Əliyev məlumat verib.

O bildirib ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu avqustun 18-dən 23-dək internet vasitəsilə aparılıb və bu müddət ərzində 1297 nəfər müraciət edib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlandır.

İmtahan Bakıda 2 binada – Tibb Universitetinin I və V tədris binalarında – eləcə də Naxçıvan şəhərində bir binada keçiriləcək. İmtahanın idarə olunması üçün 22 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənnləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənnləri üzrə bilikləri yoxlanacaq.

İki saat otuz dəqiqə davam edəcək imtahanın birinci mərhələsi sentyabrın 9-u, ikinci mərhələsi isə sentyabrın 10-da baş tutacaq.

Namizədlərə baza və ixtisas fənnlərinin hər birindən 100 test tapşırığı təqdim olunacaq. Test tapşırığının hər düzgün cavabı 1 balla qiymətləndirilir və səhv cavablar onun imtahan nəticəsinə təsir göstərmir. Namizədlərin topladığı bal baza fənnləri üzrə 40, ixtisas fənnləri üzrə isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul planı yerlərinin sayı 528-dir.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti