Alimlərin ev problemi ilə bağlı növbəti Açıqlama

Alimlərin ev problemi ilə bağlı növbəti Açıqlama
  07 İyul 2017    Oxunub:1135
AMEA elmi işçilərin mənzil problemi ilə bağlı məsələsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevin AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlama yayıb.

Məlumatda bildirilib ki, AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılması məsələsi barədə 23 iyun 2017-ci il tarixində mətbuatda geniş açıqlama yayılıb.

“Məlumat üçün bildirirəm ki, həmin yataqxana sakinlərindən 30-a yaxın vətəndaş 05 iyul 2017-ci il tarixdə qəbul edilmələri üçün AMEA-nın inzibati binasının qarşısına toplanıblar. Onların hər biri fərdi qaydada AMEA-nın rəhbərliyi tərəfindən qəbul edilib, diqqətlə dinlənilib, qaldırdıqları məsələlər və şikayətləri barədə onlara ətraflı izahatlar verilib.

Qəbula gələn həmin vətəndaşlar əsasən AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Mənzil məsələsinin kollektiv qaydada araşdırılması və ümumi qaydada həllinin mümkün olmadığı bir daha onların diqqətinə çatdırılıb və ərizə ilə fərdi qaydada mənzil komissiyasına müraciət etmələri məsləhət bilinib. Bir daha bildiririk ki, müraciətlərin hər biri diqqətlə araşdırılacaq və müraciət edənlərə müvafiq cavab veriləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Mənzil  





Xəbər lenti