İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  04 İyul 2017    Oxunub:3834
Doqquzuncu sinif üzrə buraxılış imtahanının birinci mərhələsinin cavabları açıqlanıb.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının birinci mərhələsində istifadə olunan “sual kitabçaları”nı, həmçinin “cavab vərəqi” nümunəsini, “qiymətləndirmə meyarları”nı və qapalıtipli test tapşırıqları üzrə etalon cavabları DİM-in saytında yerləşdirib.

DİM-dən AzVision.az-a verilən məlumata görə, qeyd olunan keçidlərdən istifadə etməklə martın 5-də keçirilən buraxılış imtahanının birinci mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, açıqtipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalıtipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış olmaq mümkündür.

Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri mayın sonlarından etibarən mərhələlərlə elan edilib. Hər bir imtahan iştirakçısı DİM-in saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıqtipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilər.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən on açıq və on qapalıtipli, riyaziyyat fənnindən on açıqtipli olmaqla ümumilikdə otuz test tapşırığı təqdim olunub.

AzVision.az


Teqlər: DİM   İmtahan   Buraxılış  





Xəbər lenti