Metropoliten bələdçisinin nişanlısı ifadə verib- TƏFƏRRÜAT

Metropoliten bələdçisinin nişanlısı ifadə verib-  TƏFƏRRÜAT
  06 Sentyabr 2013    Oxunub:1057
Bir neçə gün öncə Bakıda yol qəzasında ölən Bakı Metropolitenin bələdçisinin nişanlısı, yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev istintaqa ifadə verib.
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsinin baş müstəntiqi Müşfiq Əliməmmədov məlumat verib. M. Əliməmmədov qeyd edib ki, avqustun 30-da rayon ərazisində Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayevin bu gün səhər saatlarında idarədə ifadəsi alınıb. Müstəntiq ifadənin məzmununu açıqlamaq istəməyib.

Hazırda faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.

Lakin APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, Rabil Rzayev ifadəsində ölümündən əvvəl Günay Məmmədova ilə bir yerdə olduğunu təsdiqləyib. O bildirib ki, G. Məmmədovanı şəxsi avtomobili ilə yaşadığı evdən söhbət etmək üçün götürüb. Lakin yolda onların arasında mübahisə baş verib və geri dönüblər. Geri dönərkən G. Məmmədova israrla maşından düşmək istəyib və nişanlısı onun istəyini yerinə yetirib. Rabil Rzayev “aeroport yolu” ilə şəhərə tərəf hərəkət edirmiş, Günay Məmmədova həmin istiqaməti keçib, yolun digər tərəfində isə onu “BMV X-5” markalı avtomobil vurub.

R. Rzayev G. Məmmədovanın qəzaya düşdüyünü görüb. O, ifadəsində qeyd edib ki, maşından düşüb, yolu keçərək hadisə yerində toplaşanlardan birinə qızı tanıdığını deyib və ailəsinə məlumat vermək üçün G. Məmmədovanın atasının nömrəsini verərək hadisə yerini tərk edib. R. Rzayev ifadəsində hadisə yerini tərk etməsini G. Məmmədovanın ölümündən öncə onu ağır təhqir etməsi və çox əsəbi olması ilə əlaqələndirib.

Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamil Şirinovun APA-ya verdiyi məlumata görə, avqustun 30-da rayon ərazisində metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev 2011-ci ildən Bakı Metropolitenində xidmət aparır. K. Şirinov deyib ki, baş verən hadisədə R. Rzayevin günahının olub-olmaması Suraxanı Rayon Polis İdarəsində aparılan istintaq tədbirlərinin nəticəsində məlum olacaq.


Teqlər:





Xəbər lenti