Sabahdan Cocuq Mərcanlıya köç başlayır – Püşk atıldı
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Bu barədə məlumat verən Gəray Fərhadov qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb: “Əgər indiyədək məcburi köçkünlər həmin qəsəbələrə müvəqqəti yaşamaq üçün köçürülürdülərsə, bu dəfə belə deyil. Yəni, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə həmin kəndin sakinləri orada daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə doğma yurda qayıdacaq”.
İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlıda açılış mərasimində iştirak edib. Sədr müavini bildirib ki, bundan bir gün sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.
“Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazırda yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməlinin qoyulması bu diqqət və qayğının bariz göstəricisidir”, - deyə G.Fərhadov vurğulayıb. İclasda çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, kənd sakinləri Avçı Məmmədov, Gülxanım Həziyeva və başqaları onların Vətən həsrətinə son qoyduqları üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra püşkatma mərasimi keçirildi. Cocuq Mərcanlıdan olan 50 ailə üzvü növbə ilə püşk çəkərək, daimi ocaqlarının yeni ünvanlarına sahib oldular. Komissiyanın sədri Gəray Fərhadov məlumat verdi ki, artıq köçürülmə ilə bağlı işlər başa çatdırılıb və proses sabahdan start götürür.
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı