Qazaxıstanın imtina etdiyi kartofda xəstəlik tapılmayıb

Qazaxıstanın imtina etdiyi kartofda xəstəlik tapılmayıb
  30 İyun 2017    Oxunub:1847
Bu ay Cəlilabad rayonunda yetişdirilən və Qazaxıstana ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu tərkibində karantin tətbiq edilən zərərli orqanizm - qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi səbəbi ilə bu ölkədən geri qaytarılıb.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX) AzVision.az-a verilən açıqlamada deyilir ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək qurumun Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və yaxud onların sistalarına rast gəlinməyib.

Geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağını və zəruri tədbirlərin görüləcəyini bildirib.

AzVision.az


Teqlər: Kartof   KTN   Qazaxıstan  





Xəbər lenti