DİN zabitləri püşk ataraq seçdi

DİN zabitləri püşk ataraq seçdi
  04 Sentyabr 2013    Oxunub:7861
Bu gün Daxili İşlər Nazirliyində cari ildə Polis Akademiyasının əyani şöbəsini bitirən məzunların zabit vəzifələrinə təyin olunmaları ilə bağlı püşkatma keçirilib. Bu barədə AzVision.az -a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Püşkatmada iştirak edən bütün iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyətinə vəzifələrinə təyin olunublar.
Tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın bu cür şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb. O qeyd edib ki, Polis Akademiyasını bitirən məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 121 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Nəticədə məzunlardan 72-si Bakı və Nəqliyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat alıblar. Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.

Namizədlərə daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulan tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək. Onlara göstərilən etimadı doğruldaraq dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti