Prezident Cəlilabada gedib

Prezident Cəlilabada gedib
  04 Sentyabr 2013    Oxunub:1476
Prezident İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gedib.

Dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında mərhum prezidentin abidəsi önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunub. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.

İlham Əliyev Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Son dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən yüksək diqqət göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq bağçaları və körpələr evlərinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu da öz töhfəsini verir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

Azərbaycan prezidenti binada yaradılan şəraitlə tanış olub.

Körpələr evi-uşaq bağçasında Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr vardır.

Məlumat verildi ki, binanın inşasına bu ilin fevralında başlanılıb. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunub. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq vardır. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilib. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcəkdir. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılmışdır. Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılmış, ətrafda geniş abadlıq işləri aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti